Sosial şəbəkədə biz:

Azərbaycanda məmurlar ərzağın yolunu kəsib

10 June 2023, 09:01
Gündəm

“Biz istəsək də, istəməsək də ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq, bu birmənalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.

O qeyd edib ki, həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq:

"Biz hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq. Əvvəllər Ukraynadan, Rusiyadan, Qazaxıstandan hər hansı məhsul idxal edirdiksə, bu gün biz o məhsulu Braziliyadan idxal edirik. 

Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir. Bunlar olacaq”.

Qeyd edək ki, ölkədə ərzaq məhsullarının bahalığı artıq uzun müddətdir ki, davam edir və adıçəkilən problemlər də xeyli müddətdir ki, ekspertlər tərəfindən də səsləndirilir. 

Eyni zamanda, son bir neçə aydır ki, dünya bazar qiymətləri enməkdə davam edir və baş verən bahalıq ölkəmizə asanlıqla idxal edilsə də, ucuzlaşma müşahidə edilmir.

“Buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir” fikri yeni bahalaşmanın anonsudurmu və çıxış yolu nədir?     

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, Azərbaycan əslində özünü tam təmin etmək potensialında olmasa da, ərzaq məhsulları ilə bağlı böyük bir hissəsi idxaldan azad edə bilər:

“Həm də ölkə daxilində qiymətlərin ucuzlaşması baş verə bilər. İlk növbədə ölkədə su ehtiyalarının istifadə və idarə edilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramları düzgün yerinə yetirməlidir.

Kənd təsərrüfatlarında suvarma sistemlərini ənənəvi və köhnəlmiş metodlardan deyil, müasir sistemlər tətbiq etmək lazımdır. Torpaq kanallar vasitəsilə su daşıyıcılarını ləğv etmək lazımdır. Bu, ötən əsrin ortalarından mövcud olan bir sistemdir. 

Yeni beton və boru kəmərləri vasitəsilə su əkin sahələrinə və təsərrüfatlara çatdırılmalıdır. Nəticə etibarilə də su ehtiyatları daha səmərəli istifadə edilə bilər. Həm Niderlandın, həm də İsrailin kənd təsərrüfatı ilə bağlı təcrübələri var. 

Suvarma sistemləri ən vacib olan şərtlərdən biridir. Yaxşı olardı ki, hökumət həmin dövlət proqramlarını işləməyə başlasın. Su ehtiyatlarının istfadə edilməsi məsələsinə diqqətlə yanaşılsın. Bu reallaşarsa, ölkədə təsərrüfatlarda su problemini 90 faiz həll etmək mümkündür. Çünki suyun böyük bir qismi faktiki olaraq itkiyə gedir və təsərrüfatlar susuz qalır. 

Digər bir məsələ gübrə təminatı ilə bağlıdır. Niyə Azərbaycanda gübrəni yalnız hökumətin nəzdində olan qurumlar tərəfindən fermerlərə təqdim olunur? Gübrə bazarında sərbəstlik yaradılmalıdır, qiymətlər aşağı salınmalıdır.

Faktiki olaraq Azərbaycada 10 manata olan gübrə 80 manata satılır. Bu işi dövlətin yanında olan iri məmurlar və təşkilatlar həyata keçirir. Halbuki bu bazara sərbəstlik vermək və rəqabət mühiti yaratmaqla gübrələrin qiymətini aşağı salmaq mümkündür”. 

Ekspert deyir ki, ölkə daxilində qiymətlər hər zaman baha qalmaya bilər: 

“Azərbaycanın özünün olmayan kənd təsərrüfatı məhsullarını gömrük vergilərindən azad etmək mümkündür və bu zaman ölkə daxilində qiymətlər də ucuzlaşacaq. 

Bu gün dünya bazarında qiymətlər ucuzlaşsa da, Azərbaycanda əksinə proses gedir. Çünki bazar faktiki olaraq inhisar altındadır və gömrük rüsumları kifayət qədər çoxdur. Azərbaycanda  strateji ərzaq məhsulları olan kartof, soğan və digər məhsulların saxlama yerləri mövcud deyil.

Azərbaycan 170 min tona yaxın kartof tədarük edir və onun 80 faizi ixrac olunur. Bu il Azərbaycanın Rusiya bazarlarına ixrac problemi yaranıb. Çünki Rusiyada iqtisadi vəziyyət ağırdır və məhsullarını xaricə sata bilmirlər. Bundan nəticə çıxarıb ölkənin yerli məhsulları üçün saxlama anbarları inşa etməlidir. 

Saxlama anbarları güzəştlərlə fermerlərə təklif olunmalıdır. Fermer də sahədən toplanan məhsulu dərhal xaricə satmaq barədə deyil, qarşıdakı qış aylarında daxili bazara təqdim etmək haqqında düşünə bilər. Hökumət vacib olan işləri görərsə, xaricdən ərzaq məhsullarından asılılıq 80-90 faiz həll edilmiş ola bilər. 

Bəlkə də ərzaq buğdası ilə bağlı problemi tam həll edə bilmərik. Çünki bizdə tədarük edilən ərzaq buğdasının keyfiyyəti o qədər də yüksək deyil. Ancaq digər məhsullarla bağlı bir sıra tədbirlər görülməlidir və hökumət istəsə bunu edə bilər”.