Azər Həsrət deputatın hərəkətini qınadı: “Pis örnəkdir, üzr istəsin”
“Deputat Razi Nurullayevin qəlyanla paylaşdığı şəkli görəndə dərhal altına yazdım ki, pis örnəkdir. Doğrudan da bir deputatın bu cür örnəklə ictimai rəyə çıxmasının yanlış olduğunu düşünürəm, Deputatlar öz davranışları ilə, özəlliklə də yaxşı vərdişləri təbliğ etmək bacarıqlarıyla öndə olmalıdırlar. Amma qəlyan çəkmək heç də yaxşı vərdiş, xoş hadisə deyil. Qəlyanın təbliğ edilməsi, ümumiyyətlə, yolverilməzdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət Milli Məclisin deputatı Razi Nurullayevin sosial şəbəkə hesabında qəlyan çəkərkən paylaşdığı şəklə münasibət bildirərkən deyib. A.Həsrət qeyd edib ki, siqaret və analoji nəsnələrin çəliməsi yanlış hərəkətdir: "Mən bu vərdişlərdən uzağam. Amma hansısa vətəndaşın küçədə siqaret çəkdiyini görəndə narahat oluram. İnsanlar küçədə hamının gözünün qarşısında siqaret çəkməməlidirlər. Düşünürəm ki, bununla bağlı qanun qəbul etmək lazımdır. İnsanların küçədə, ictimai məkanlarda, hətta maşının içində, evin içində siqaret çəkilməsi qadağan olunmalıdır”.
Siyasi şərhçi vurğulayıb ki, bir deputatın qəlyanı açıq şəkildə təbliğ etməsi təəssüf doğurur: "Düşünürəm ki, o, bu yanlışını anlayacaq və istimaiyyətdən üzr istəyəcək. Ümid edirəm ki, deputat bir daha belə yanlışlığa yol verməyəcək. Razi Nurullayev şəxsən tanıdığım bir insandır. Onun belə bir yanlışlığa yol verəcəyini ağlıma gətirmirdim. Amma olub. Olubsa, yanlış aradan qaldırılmalıdır. Bir deputatın bu cür pis örnəkləri təbliğ etməməsi lazımdır".