"OBA Market"ə cərimə protokolu yazıldı - AÇIQLAMA
“OBA Market” MMC barəsində cərimə protokolu tərtib edilib.
Şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokol yazılıb.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin edilib.
MMC-dən Pravda.az-a verilən məlumatda bildirilib ki, “OBA” marketlər şəbəkəsi olaraq fəaliyyətləri müddətində hər zaman müştəri hüquqlarını üstün tutublar: “Eyni zamanda, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq satış komandasının maarifləndirilməsi istiqamətində işlər aparırıq. Qeyd edilən hallarla bağlı “OBA” marketlər şəbəkəsinin “Müştəri hüquqları” haqqında daxili nizamnaməsində müddəalar əks olunub və bu bütün filiallarımızda sərgilənir. Mövcud durumla bağlı hazırda şirkətimizdə araşdırma aparılır”, - məlumatda qeyd olunub.
