Sərnişin daşınmasına görə yeni cərimələr təyin olunur
Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə aşağıdakı yeni cərimələr nəzərdə tutulur:
- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;
- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son məntəqəsindən kənarda həyata keçirilməsinə;
- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;
- Qeyri-muntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə - 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Xarici nömrəli avtomobillərlə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirənlər də cərimələnəcək.
Bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni bənd əlavə edilir. Belə ki, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.
İnzibati Xətalar Məcəlləsinə edilən daha bir dəyişikliyə əsasən, sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar da cərimələnəcək.
Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə ediləcək.
Məcəllədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 000 manat məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə olunacaq.