Məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bəzi media orqanlarında məcburi köçkünlərə verilən “çörəkpulu”nun dayandırılacağı barədə məlumatlara aydınlıq gətirib
Dövlət Komitəsin iyunun 15-də yaydığı məlumata əsasən, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir.
Komitə bunun Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydada öz əksini tapdığını bildirib.
"Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlirgətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar.
"VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır.
Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır", - deyə məlumatda qeyd olunub.