Sosial şəbəkədə biz:

“Atasına 20 minlik başdaşı qoydurub, bir dəfə ziyarətinə getməyib”

29 June 2023, 10:14
Gündəm

“Adətdir, insanlar dünyadan köçmüş əzizlərinin məzarını bayramda ziyarət edirlər. Hər il olduğu kimi bu il də adət-ənənələrimizə sadiq qalıb indi haqq dünyasında olan əzizlərimin qəbirlərini ziyarət etdim, ruhlarına dua oxudum. Amma qəbiristanlıqda qarşılaşdığım mənzərə məni məyus etdi, bəzi adamların yerinə utandım, hətta əməlli-başlı xəcalət çəkdim”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib. Seymur Verdizadə bildiirb ki, bəzi insanların indi haqq dünyasında olan əzizlərinə qarşı etinasız davranması adamı kədərləndirir: "Qəbiristanlığı dolaşanda baxımsız vəziyyətdə olan yüzlərlə məzar gördüm. Elə qəbirlər var ki, nəinki aylarla, hətta illərlə bir dəfə ziyarət olunmayıb. Qəbirlər ot-ələfin, tikanların arasında itib-batıb. Üstündə bir qarış torpaq olan məzarlar gördüm. Çünki uzun illər ərzində bir dəfə təmizlənməyib. İnsanların haqq dünyasında olan valideynlərinə, əzizlərinə bu cür etinasız münasibəti adamın qəlbini göynədir". 

Jurnalist deyib ki, bəzi adamlar hələ də insanlara sağlığında qiymət verilməli olduğunu anlamırlar: "Mən bir neçə il sosial problemlərin müzakirə olunduğu verilişlərdə ekspert statusunda çıxış etmişəm. Oğul vardı ki, atası illərlə yataq xəstəsi olsa da, Rusiyadan gəlib bir dəfə ona baş çəkməmişdi. Amma kişi öləndən sonra gəlib ona dəbdəbəli yas məclisi keçirdi, ehsan verdi, süfrəyə banan qoydu. Sonra da qara mərmərdən başdaşı düzəltirdi. Çəkiliş qrupunun hazırladığı süjetə baxanda dəhşətə gəlirdim. Elə başdaşı vardı ki, 20 min manata hazırlanmışdı. Halbuki yazıq kişi sağlığında beş-on manata möhtac oldu, heç bir diqqət və qayğı görmədi. Bəzi adamlar özlərini qaohum-qardaşa, kənar şəxslərə göstərirlər. Halbuki sağlığında ata-naya qayğı göstərmək lazımdır".