Market baha, yarmarka uzaq: Ucuz bazarlığı haradan edək?
Son vaxtlar paytaxtda küçə ticarətinin daha da genişləməsinin şahidi oluruq.
Bu ticarət növünün fəaliyyətinin artması birmənalı qarşılanmır. Belə ki, hələ bir neçə il əvvəl də geniş vüsət alan, həm sanitariya, həm də vergiyə cəlb edilmədən həyata keçirilən küçə ticarətinin ləğvi tələb edilirdi.
Ardınca xüsusilə paytaxt Bakıda küçə ticarətinə qadağa qoyuldu. Hazırda İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə inzibati cərimə nəzərdə tutulub.
Azərbaycanda hələ 2001-ci ildən bəri qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimə olunurlar. Əvvəllər cərimə məbləği 10 manatdan 35 manatadək nəzərdə tutulurdu. Sonra isə bu məbləğ 80 manat oldu. Bu gün Bakıda demək olar ki, iki ticarət növü- market və küçə ticarəti mövcuddur. Küçə ticarəti qadağan edilsə də, onunla məşğul olanlar hələ də var.
Məhəllələrdə, metrostansiyaların çıxışında balıq, meyvə-tərəvəz, kənd məhsulları satan səyyar satıcıların sayı heç də az deyil. Qanunlara görə, səyyar ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatlarının binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.
Marketlər isə həm idxal olunan, həm də yerli istehsal olan məhsulları "sahiblənərək" istədikləri kimi qiymət müəyyənləşdirirlər. Bu gün paytaxtın məsələn, "İnşaatçılar", 20 Yanvar" metrostansiyaları ətrafında meyvə-tərəvəz satışına rast gəlinir və buradakı qiymətlər də marketlərdən fərqli olaraq istehlakçının cibinə daha uyğundur. Ancaq elə ərazilər də var ki, yaxınlığında heç bir bazar, yaxud metro çıxışları yoxdur və burada yaşayan əhali ancaq marketlərin baha məhsullarının ümidinə qalıb.

Məsələn, "İnşaatçılar" metrosu yaxınlığında satılan meyvələr, o cümlədən gilasın qiyməti 1,50 qəpikdirsə, 20-ci sahə ərazisində marketlərdə 2,99 təşkil edir. Onu da qeyd edək ki, küçə ticarəti yalnız Azərbaycanda mövcud deyil. Qonşu Türkiyədə də "manav", "səyyar ticarət" kimi vasitələrlə satış həyata keçirilir. Bundan başqa orada müəyyən ərazilərdə fəaliyyət göstərən"səmt bazarı"da mövcuddur. Bakıda isə bazarların sayı o qədər də çox deyil və həmin bazara gediş-gəliş qiymətlərini hesabladıqda yaxınlıqdakı marketlərdəki məhsulun qiyməti ilə üst-üstə düşür.
Yəni həmin bazarlara getmək üçün ancaq şəxsi avrtomobilin olmalıdır. Həftəsonu və yaxud bayramda paytaxtda açılan yarmarkalar da yalnız bir neçə ərazidə olur və oradakı məhsulların qiyməti elə marketlərdən fərqlənmir. Biz küçə ticarətinin genişlənməsinin tərəfdarı deyilik. Ancar bu gün vətəndaşların daha ucuz qiymətə, istədiyi məhsulu əldə etməsi üçün şərait yaradılmalıdır.
Bu istiqamətdə, məsələn, daha yaxın ərazilərdə vətəndaşların 7 gün ərzində alış-veriş edə biləcəyi sabit bazarlar yaradılmalıdır. Yaxud müəyyən ərazilərdə kiçik çadırların qurulması və istehsalçıların məhsullarını özlərinin bazara çıxarmasına imkan yaradılmalıdır. Bundan başqa uzun illərdir ki, sovet dövründə fəaliyyət göstərən daha ucuz qiymətə məhsullar təqdim edən kooperativ meyvə -tərəvəz dükanlarının bərpasına yönəlik müzakirələr hələ heç bir nəticə verməyib. Göründüyü kimi, marketlərdə məhsul baha, bazarların isə sayı məhududdur. Bu kimi amillər vətəndaşı məhz küçə ticarətindən faydalanmağa məcbur edir. Cebhe.info