"O qədər öyrəşmişəm ki, o gün çaşıb kişiyə də "canımmm" demişəm"
- Aaz, gördün da, o şairlər gününə kimləri toplamışdılar...Nə yaxşı ki, sən gəlib çıxdın, yoxsa, yanımda kim oturacaqdı?
- Yaxşı fikirləş aaz, yadına sal görüm sən mənim yanımda oturmuşdun, yoxsa, mən sənin?
- Hə, mən tədbirə iki saat qalmış gəlmişdim, gördüm sən ordasan...
- Bəs, o biri tərəfində oturan o yumruburun arvad kim idi, sən də ona tərəf dönüb tez - tez "canımmm" deyirdin...
- Vallah, tanımadım, amma elə hey, ona - buna baxıb irişirdi. Axıradək fikir verdim, gözünün ucu ilə ona baxan da olmadı...
- Sən də ona "canımmm" deyirdin...
- Azz, bu söz feysbukdan ağzıma düşüb. O qədər öyrəşmişəm ki, o gün çaşıb kişiyə də "canımmm" demişəm. O da duruxıb qalıb, istədi həkim çağırsın, elə bildi dəli olmuşam...
- Yaxşı, o şairlər məclisində gözünə bir şair dəydi?
- Hə, canımmm, elə biri sən, mən hər gecə sənin şeirlərini oxumasam, gözümə yuxu getmir. Hətta, sənə bir - iki nəzirə də yazmışam.
- Aaz, dolamısan məni?
- Yoox, canımmm, doğru sözümdür...
- Mən ömrümdə şeir yazmamışam, doqquz roman müəllifiyəm. Heç bilirsən roman nədir?
- Niyə bilmirəm, canımmm, bir az uzun şeirə roman deyilir də...
- Kül ağlına, uzun şeirə poema deyirlər, roman çap olunanda qalın kitab kimi olur...
- Gəl, qucaqlaşıb bir şəkil çəkdirək, qoyaq feysbuka, görək bizi tanıyan olacaq...
- Yaxşı, bəlkə bu yanımızda oturan...
- Yox aaz, Allah vurubdu onu, elə ikimiz çəkdirək...
...Yarım saatdan sonra onların şəklini feysbukda 29 adam paylaşmışdı, 441 adam bəyənmişdi, 37 "dost" rəy bildirmişdi. "Canlarımmm"- 11 nəfər, "Qəşəydi"- 9 nəfər, "Təbinə sağlıq"- 7 nəfər, "Var olun"- 9 nəfər, "Mən sizin romanlarınızın hamısını oxumuşam, hələ də onların təsiri altındayam."- 1 nəfər.
...Rəfiqələr rəyləri oxuyub qəh - qəhə çəkdilər. Biri o birindən soruşdu:
- Canımmm mənim, gör bizi nə qədər sevirlər, mükafatı isə başqalarına verirlər...Yaxşı, ən çox xoşuna gələn hansı rəy oldu?
- Axırıncısı. Doğrudur, doqquz roman yazmışam, amma onların heç biri hələ çap olunmayıb. Bu bədbəxt mənim romanlarımı görəsən haradan oxuyub ki, hələ də onların təsiri altındadır?..
- Fikir vermə, canımmm, əsas odur ki, bizi bəyənir və sevirlər!..
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist