İsrailə neft embarqosu tələbi - Azərbaycan qoşulacaqmı? - ŞƏRH
“İran İsrail münasibətləri heç bir İslam ölkəsi üçün model ola bilməz. İran İsrailə embarqo tətbiq edilməsini təklif edir, amma özü də sanksiyalara məruz qalan ölkədir”.
Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc Toplum Tv-yə açıqlamasında bildirib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) oktyabrın 18-də Qəzza zolağındakı münaqişə ilə bağlı Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərindən keçirilən təcili toplantısında İran müsəlman ölkələrini İsrailə neft embarqosu qoymağa çağırıb.
“İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr İsrailə neft embarqosu qoymalı və onun diplomatlarını ölkədən çıxarmalıdır”, - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan belə bir təkliflə çıxış edib.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Mərakeşdə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. Təşkilat 60-a yaxın dövləti özündə birləşdirir.
Sözügedən təşkilata üzv olmuş dövlətlərdən biri də Azərbaycandır.
Bəs bu təklifə Azərbaycanın reaksiyası necə olacaq? Azərbaycanın İsrailə embarqo qoyması nə dərəcədə real görünür?
Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv olmuş dövlətlərin İranın təklifini qəbul edəcəkləri real görünmür. Siyasi şərhçi bunun səbəbini təşkilata üzv dövlətlərin İsraillə olan münasibətləri ilə əlaqələndirib:
“Necə ki, Azərbaycan indiyə qədər İsraillə ticarət əlaqələrini həyata keçirib, bundan sonra o cür də davam edəcək. Bizim Fələstin xalqıyla həmrəylik mövqeyimiz bəllidir. Bu həmrəylik mövqeyi heç də Azərbaycan dövlətinin mənafeyinə zərbə vurmaqla müşayiət edilməməlidir”, - Zərdüşt Əlizadə açıqlamasında qeyd edib.

Siyasi şərhçi Şahin Cəfərli isə açıqlamasında deyib ki, İsraillə iqtisadi əlaqələri olan müsəlman dövlətləri bu münasibətləri kəsməyə hələ hazır deyillər.
“Məsələn, Türkiyə İsraillə siyasi səviyyədə münasibətlərinin gərgin olduğu zamanlarda belə İsraillə iqtisadi əlaqələrini heç vaxt dayandırmamışdı. Siyasətçilər zahirən yüksək pərdədən bəyanatlar verdiyi dövrdə əlatından “alver” davam edib. Eləcə də Azərbaycanın bu cür embarqoya qoşulması ehtimalı ümumiyyətlə yoxdur”, - Cəfərli açıqlamasında əlavə edib.

Deputat Zahid Oruc da siyasi şərhçilərin mövqeyi ilə həmfikirdir. Deputat Toplum Tv-yə bildirib ki, İran-İsrail münasibətləri heç bir islam ölkəsi üçün model ola bilməz:
“ Azərbaycan Yaxın Şərq məsələlərinə beynəlxalq hüquq nöqteyi nəzərdən yanaşır. Biz bunu İsraildə səfirlik açarkən Fələstində nümayəndəliyimizin yaradılmasında, o cümlədən Fələstinin ölkəmizdə təmsilçiliyinin formalaşmasında göstərmişik. Bu illər ərzində siyasətimiz dəyişməz prinsiplər üzrə gedib. Bizim İsraillə münasibətimiz qətiyyən üçüncü, dördüncü ərəb ölkəsinin əleyhinə çevrilməyib. İranın verdiyi təklif müzakirə edilməlidir. Çünki embarqolar, sanksiyalar elə İranın özünə də tətbiq olunur. 1979-cu il inqilabından sonra, xüsusilə 92-ci ildən başlayaraq son rəqəmlərə görə, İran 5000-dən yuxarı müxtəlif qadağa və məhdudiyyətlərin hədəfində olan bir ölkədir”.

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Toplum Tv-yə bildirib ki, İranın çağırışı ilə bağlı Azərbaycan tərəfi şərh verməyəcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də İƏT-in iclasında Azərbaycanın Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini bildirib.
Ceyhun Bayramov bölgədə hərbi əməliyyatların və eskalasiyanın dayandırılması barədə çağırış edib.
Nazir həmçinin Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.
2023-cü ilin statistikasına görə, Azərbaycanın ümumi neft ixracında İsrail ikinci yerdə qərarlaşıb. İlin birinci yarısında Azərbaycan bu ölkəyə bir milyard dollar dəyərində 1,8 milyard ton neft ixrac edib. İsrailin enerji daşıyıcıları ehtiyacının 40 faizini Azərbaycan təmin edir.
2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalanıb.