Tofiq Zülfüqarov erməniləri yenidən özündən çıxardı
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun daha bir paylaşımı ermənilər arasında rezonans yaradıb.
O, “Facebook” səhifəsində erməni bloger Artur Osipyana belə cavab verib:
“Müvəqqəti olaraq hava haqqında fikirləşdikdən sonra inadkar erməni şərhçiyə cavab verməyə qərar verdim. O da Baş nazir Paşinyan kimi Ermənistan-Azərbaycan münasibətləri mövzusunda istənilən müzakirəni “Böyük Tigran”la başlamaq istəyir... pizza sifarişi
Cavabım: Artur Osipyan, məndə belə bir təəssüratım yaranıb ki, müzakirə mövzusunu dəyişdirmək istəyirsiniz. Əgər Süni İntellektə istinadla ilkin paylaşımımı nəzər salsaq, açıq-aşkar görünür ki, mən oxucuların diqqətini 1920-dən 1989-cu ilə qədər Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişməsi dinamikasına çəkmək istəyirəm. Çünki sərhədlərin müəyyən edilməsi üçün baza kimi Almatı Bəyannaməsi təklif olunur (onun mətnində “mövcud sərhədlər”dən danışılır).
Amma 1989-cu ildən sonra faktiki və hüquqi olaraq aramızda sərhəd mövcud olmayıb, çünki müstəqillik Bəyannaməsi və Konstitusiyaya əsasən, Ermənistan parlamenti öz “miatsum” qərarı ilə sovet inzibati sərhədini ləğv edib. Buna görə də sərhədlərin müəyyən edilməsi üçün baza 28 aprel 1920-ci ildən başlayaraq sovet inzibati sərhədlərinin hər hansı bir variantı ola bilər. Sizin və digər erməni şərhçilərin dövlətlərin tarixi, bölgə xalqlarının etnogenezi barədə sualları mənim üçün mövzu üzrə spesifik müzakirədən yayınma cəhdi kimi qəbul edilir.
Beləliklə, sizə təhlil üçün bunları əsas götürməyi tövsiyə edirəm:
- Vaşinqton və Praqa razılaşmaları;
- Almatı Bəyannaməsi (mətnin özü, təfsiri deyil);
- Süni İntellekdən sərhədlərin dəyişməsi ilə bağlı arxiv sənədləri;
- Ermənistanın müstəqilliyini elan edən Bəyannamə və Konstitusiya mətni;
- Ermənistan parlamentinin Ermənistan-Azərbaycan Bəyannaməsinə dair düzəlişlərinin mətnləri.
Hazırkı vəziyyət üçün bu kifayətdir, bu sənədlərlə bağlı sual yaranarsa, verin. Siz və digər erməni şərhçiləri yaxşı başa düşməlisiniz ki, 28 aprel 1920-ci ildən əvvəlki bütün xəritə, sənədlər, tarixçilərin fikirləri mövzumla və iki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsi prosesilə əlaqəli və aktual deyil”.
Xatırladaq ki, erməni sosial media istifadəçisi Tofiq Zülfüqarovun sözügedən paylaşımına rəy yazıb. Şərhlərin bir çoxunda onlar guya 1918-ci ildən öncə Azərbaycan adlı subyektin olmadığını və Azərbaycanın tarixinin məhz 20-ci əsrin əvvəllərindən etibarən başladığını iddia edib. T.Zülfüqarov və bir sıra azərbaycanlı istifadəçilər isə tarixi faktlar və rəsmi sənədlərlə qeyd edilən fikirlərin əsassız olduğunu sübut edib.
Sabiq nazirin sovet dövründə Azərbaycandan qoparılıb Ermənistanın yurisdiksiyasına verilən ərazilərlə bağlı yazdığı öncəki paylaşım da “Facebook”un erməni seqmenti tərəfindən ciddi reaksiyalara səbəb olmuşdu. yenisabah