“Rusiyanın ermənilər üçün hər hansı cazibəsi qalmayıb”
“Ermənistanın Avropa Birliyi, ABŞ və Böyük Britaniya – ümumilikdə Qərb dünyası ilə münasibətlərində keyfiyyətcə yeni və fərqli mərhələnin başladığını görürük”.
Bu barədə politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.
Politoloq bildirib ki, atılan addımlara, verilən qərarlara baxanda tərəflər arasındakı yaxınlaşmanın müvəqqəti-mövsümi deyil, strateji xarakter daşıdığı qənaəti hasil olur:
“Bu proses vaxtilə Gürcüstanla Ukraynanın qarşı tərəfin adekvat diqqətindən və vizyonundan uzaq olan, bu səbəbdən iki ölkəni də məşəqqətlərə düçar etmiş birtərəfli avroatlantik səylərindən fərqi olaraq, ikitərəfli hərəkətə daha çox oxşayır. Yəni aparılan siyasətin qarşılıqlı olduğu görünür (Qəti qiymətləndirmə üçün prosesi hələ izləməyə ehtiyac var).
Ermənistan hazırda təhlükəsizlik vakuumunda olması və Rusiyadan iqtisadi asılılıq kimi səbəblərə görə bu mərhələdə birmənalı strateji seçim yönündə qərarlardan (məsələn, Rusiya hərbi bazalarını çıxarmaq, KTMT və Avrasiya İttifaqından uzaqlaşmaq) çəkinir, institusional avroatlantik inteqrasiya (AB-yə, NATO-ya üzvlük) hədəfini qoymur. Təhlükəsizlik risklərini və Rusiyadan iqtisadi asılılığı minimallaşdırdıqdan sonra onun bu hədəfləri rəsmən elan edəcəyinə şübhə yoxdur - əlbəttə, bir şərtlə ki, Nikol Paşinyan, yaxud onun zehniyyətini və dünyagörüşünü bölüşən siyasi qüvvələr hakimiyyətdə qalsın. Yerevan meriyasına son seçkilər göstərdi ki, Paşinyanın “Vətəndaş Müqaviləsi”nin ictimai dəstəyi azalıb, lakin itirilən səslərin rusiyayönümlü qüvvələrə yox, qərbyönümlü “Milli Tərəqqi”yə getməsi Ermənistan cəmiyyətində oturuşmağa başlayan tendensiyadan xəbər verir. Rusiya ermənilərə ona görə lazım idi ki, işğal etdikləri Qarabağı əllərində saxlasınlar. Azərbaycanın işğala son qoymasından və Moskvanın da paradiqma dəyişikliyinə gedib türk faktoru ilə strateji tərəfdaşlığa üstünlük verməsindən sonra Rusiyanın ermənilər üçün hər hansı cazibəsi qalmayıb.
“Gürcü Arzusu” hökumətinin üstüörtülü sabotajlarına baxmayaraq, Avropa Komissiyasının Gürcüstana da üzvlüyə namizəd statusu verilməsi barədə tövsiyə qərarı və şərqə doğru genişlənmə strategiyasının yeridilməsi göstərir ki, əvvəlki dövrlərdən fərqli olaraq, baş verənlər situativ fəallaşma deyil, postsovet məkanına nüfuz etmək barədə Qərb mərkəzlərində strateji qərarlılıq var.
Cənubi Qafqazın gələcəkdə geosiyasi baxımdan bütöv, yoxsa bölünmüş region olub-olmayacağı Azərbaycanın qərarlarından və seçimindən asılı məsələdir”.