"Sayğac oyunu": "Kimlərəsə sərf edir"
Son günlər paytaxtın bir sıra rayonlarında qaz sayğaclarının yenilənməsi prosesi həyata keçirilir.
Belə ki, “smart-kart” tipli sayğaclar mexaniki sayğaclarla əvəz edilir. Artıq “smart-kart” tipli sayğacların istifadə qaydasına yaxından bələd olan vətəndaşlar mexaniki sayğacların onlar üçün çətinliklər yaradacağını düşünürlər. Bununla yanaşı, əksər binalarda, xüsusən də yeni tikililərdə sayğaclar mənzil daxilində, eyvanda quraşdırılır. Vətəndaşların şikayəti sayğacların mənzilin daxilində, xüsusən eyvanda quraşdırılması ilə bağlıdır.
Paytaxt sakinləri bildiriblər ki, sayğacı yoxlayan şəxs gəlib evin içindən keçib sayğaca baxış keçirir. Bu isə düzgün deyil. Yaxud sakinlər hesab edirlər ki, mənzil sahibi evdə olmadığı təqdirdə hansısa problem yaşanarsa, müdaxilə etmək mümkün olmayacaq.
Vətəndaşların sayğaclarla bağlı səsləndirdikləri problemləri necə həll etmək olar?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”- ya bildirib ki, kommunal xidmət qurumları dövlət şirkətləridir və onun bütün xərcləri dövlət büdcəsi tərəfindən ödənilir:
“Bu “sayğac oyunu”nun kökündə dayanan məsələ də bununla bağlıdır. Onu da qeyd edim ki, sayğacların eyvanda quraşdırılması bəlkə də o qədər əhəmiyyət kəsb etmir. Çünki təhlükəsizlik baxımından nəzərdə tutulursa, binalarda ümumi qaz girişi var və hər hansı hadisə baş verərsə, oradan qazı bağlamaq mümkündür.
Ancaq sayğac küçədə, dəhlizdə olduqda ona ev sahibinin icazəsi olmadan müdaxilələr olur. Məsələn, istənilən yoldan keçən də sayğaca müdaxilə edə bilir. Yaxud qaz nəzarətçisi də qazın sayğacını söküb aparır, başqasını qoyur, abonent isə bundan xəbərsiz olur. Bu hadisələrin baş verməməsi üçün hesab edirəm ki, elə sayğacların eyvanda, həyətdə quraşdırılması daha səmərəlidir”.
Məsələnin digər tərəfinə gəldikdə isə ekspert deyir ki, hələ 6-7 il bundan öncə əhalinin qaza olan borcu dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənildi:
“Hətta abonentlərdən narazı qalanlar da oldu ki, mənim borcum yox idi. Yəni borc artıqlaması ilə ödənildi. Ondan sonra ölkə başçısı tərəfindən tapşırıq verildi ki, elə üsul tapın, abonentin borcu yaranmasın. Bu üsul kimi smart sayğacların quraşdırılması müəyyən olundu. Bakı şəhərinin bütün abonentləri smart sayğaclarla təchiz edildi.
Həmin smart sayğacların minimum istismar müddəti 27 ildir. Onun içərisində enerji verən element 9 ildən bir dəyişib, yoxlanılır, saz vəziyyətdədirsə istimar müddəti davam edir. Azərbaycanda tətbiq olunan smart sayğaclar ən mükəmməlləridir. Şərqi Avropa ölkələrində bundan geri qalan smart sayğacların 40 il işləyəni var. Azərbaycanda isə təxminən 10 ilə yaxındır ki, quraşdırılıb. İndi dəyişilən samart sayğacların eləsi var ki, heç 5 il işləməyib və öz istismar müddətinin heç üçdə birini belə başa vurmayıb”.
Ekspertin sözlərinə görə, hazırda bu sayğaclar da mexaniki sayğacla dəyişdiril:
"Sayğac dəyişiləndə tender elan edilir. Burada da "pul tələsi" var. Şirkət düşünmür ki, bu sayğacı dəyişmək mənə zərərdir. Çünki anlayır ki, dövlət şirkətidir, zərər olsa da, dövlət onu ödəyəcək. Ancaq özəl şirkət olsa, qoyduğu məhsulun qədrini bilər. Prinsip ondan ibarətdir ki, arxasında dövlət dayandığına görə 5 ildən bir sayğac dəyişirlər. Bu "sayğac oyununun" əsas səbəbi korrupsiyaya açılan yoldur. "Azəriqaz", "Azərişıq", "Azərsu" da sayğac dəyişməyə meyilli olur.
Bu,onlara qazanc mənbəyidir. Digər tərəfdən, abonentin, yaxud nəzarətçinin smart sayğacda pul qazanması mümkün deyil. Ona görə də hesab edirəm ki, mexaniki sayğaclarla əvəz edilmənin başlıca səbəbi yenə yenə "oğurluq yollar" açmaq, əhaliyə borc yaratmaqdır. Bir neçə ildən sonra da müraciət etsinlər ki, əhali pulu verə bilmir, bunları bağışlayın. Yaranan borcu da haradansa silmək lazımdır ki, bu da büdcənin üzərində olacaq”.
Ekspert bildirib ki, yeganə yol kommunal sistemin özəlləşdirilməsidir:
“Bütün dünyada əhaliyə kommunal xidmət göstərənlər həm pul qazanır, həm vergi verir, Azərbaycanda isə nə vergisi yoxdur, digər tərəfdən də dövlət büdcəsindən xeyli miqdarda vəsait alırlar. Yaxud da şirkətə verilən subsidiya vətəndaşa verilsin”.