Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
Xəbər verdiyimiz kimi tanınmış türk müğənnisi Mahsun Kırmızıgül ölkəmizə gəlib. Məşhur Bakı səfəri çərçivəsində xalq artisti, sevilən müğənnimiz Elmira Rəhimova ilə bir araya gələrək görüşüb.

Moderator.az-a özəl açıqlama verən Elmira xanım görüşün təəssüratlarını bizimlə bölüşüb.
“Azərbaycan və Türkiyə hər zaman qardaş ölkə olaraq tanınır. Bizim mədəniyyətimiz də demək olar ki, eynidir. Zaman-zaman onlar da bizim mahnılarımızı oxuyub, biz də onların mahnılarına müraciət etmişik. Mədəniyyətimiz zəngindir. Bu görüş mənim də çox xoşuma gəldi. Onun özündən böyüklərə olan diqqəti, hörməti məni sevindirdi. Bu görüşüb əslində təşkil edən var idi. Bir gün öncə teleaparıcı Hacı Nuran onunla görüşüb və söyləyib ki, siz Elmira xanımın “İntizar” mahnısını oxumusuz, mən onu şəxsən tanıyıram. Mahsun Kırmızıgül də deyib ki, yaxşı olardı ki, mən həmin xanımla görüşüm. Hacı Nuran mənə bunu deyəndə xəstəxanadan yeni çıxmışdım. Buna baxmayaraq Nurana söz vermişdim deyə bu görüşə getdim. Mahnımı oxuduğu üçün ona bir daha təşəkkür etdim. Mahsun bəy də bu görüş üçün mənə təşəkkür etdi. Gözlərinə inanmırdı ki, o mahnını mən oxumuşam. Təəccübünü bu sözlərlə dilə gətirdi ki, mən bilməzdim ki, siz həmin qadınsız. Əlimdən öpdü, qucaqladı” deyə sənətkar bildirib.