Bilgəhdə villa davası: Hacı Qalib söyüş söydü, başçı isə...
Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan və Xəzər sahilində yerləşən villanın qapısı daşla hörülüb. Ərazidəki tikililər isə buldozerlə sökülüb.
Keçmiş deputat Hacı Qalib Salahzadə mətbuata açıqlamasında deyib ki, ona məxsus villanın qapısının daşla hörülməsinə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev göstəriş verib. Ərazidə söküntü işlərinə də icra başçısı şəxsən rəhbərlik edib. Sabiq deputat İcra Başçısını bir sıra hərəkətlərdə suçlayıb. Onun iddiasına görə, Başçı bu hərəkətləri daha yuxarı instansiyaların tapşırığı ilə etdiyini də söyləyib.
Hazırda ölkə mətbuatının əsas mövzusuna çevrilən qalmaqal haqda Sabunçu İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Murad Cənnətov açıqlama verib.
Bakupost.az xəbər verir ki, Murad Cənnətov reportyor.info-ya deyib ki, ərazi azad edilərkən keçmiş deputat Qalib Salahzadə mane olmağa, küçə söyüşləri söyməklə söküntü işlərini dayandırmağa çalışıb. İcra başçısının onu qanuni hərəkətlərə dəvət etməsinə isə aqressiv reaksiya verib. Deyib ki, ərazi onundur, kimsə ondan torpağı ala bilməz.
Qeyd edək ki, hadisə baş verən zaman Bilgəh ərazi nümayəndəsi, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları da orada olub. Onların Bakupost.az -a bildirdiyinə görə, qarşı tərəf hay-küy salıb ağır söyüşlər söysə də, icra başçısı təmkinli davranıb. O, vəziyyəti gərginləşdirməyib və məsələnin qanun çərçivəsində tənzimlənməsi barədə tapşırıq verib.
Xatırladaq ki, Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə, “Amburan” istirahət mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş. Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, “Azərbaycan Hava Yolları” QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, “AST Telman” kimi tanınan iş adamı Telman İsmayılovun, “AzNar” şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var. Söhbət Xəzər sahilinin ən gözəgəlimli hissəsində 10 hektardan artıq ərazidən gedir.