Sosial şəbəkədə biz:

Elxan Nəcəfov sələfindən geri qalmayıb - Onu təcili...

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə apardığı uyğunluq auditinin nəticələrini açıqlayıb.

TNS Hesablama Palatasına istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436,26 manat xərc icra edilib.

Məlumata görə, auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd olunduğu kimi, audit 2023-cü ili əhatə edib. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə 3 şəxs rəhbərlik edib. 2023-cü ilin sentyabr ayınının 12-ə qədər muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov olub. Həmin vaxtdan oktyabrın 16-dək təhsil naziri vəzifəsini nazir müavini Ovni Muradov icra edib. 2023-cü ilin oktyabr ayında Elxan Nəcəfov təhsil nazirinin müavini təyin olunub. Elxan Nəcəfov elə həmin vaxtdan nazirin səlahiyyətlərini icra edir.

Əgər Baş Prokurorluq Hesablama Palatasının göndərdiyi materiallarda cinayət tərkibinin olduğunu təsdiqləyib cinayət işi başlayarsa, bu şəxlər Təhsil Nazirliyindəki qanunsuzluqlara görə cavab verməli olacaqlar.

Naxçıvanın təhsil ictimaiyyəti hesab edirdi ki, Vasif Talıbovun nazir təyin etdiyi Rəhman Məmmədov qanunsuzluqları davam etdirdiyinə görə vəzifəsindən azad olunub. Təhsil işçiləri yeni nazir əvəzindən çox şey gözləyirdi. Onlar inanırdılar ki, bundan sonra Təhsil Nazirliyi sistemində belə qanunsuzluqlar olmayacaq.

Ancaq Hesablama Palatasının açıqlaması göstərir ki, yeni nazir əvəzi Elxan Nəcəfov sələfi Rəhman Məmmədovdan geri qalmayıb. Nazir olmadığından əl-qolu tam açılmayıb. Deməli, nə etmək lazımdır? Onu təcili nazir təyin etmək lazımdır ki, Rəhman Məmmədovun yarımçıq qalmış işlərini davam etdirsin. Naxçıvanlılar yaxın vaxtlarda Elxan Nəcəfovun nazir olduğunu eşitsə, təəccüblənməyəcək. Çünki kimlərsə Naxçıvanda Vasif Talıbovun yolunu davam etdirməkdə maraqlıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol