İmtahan yoxdursa, çörək də yoxdur: DİM taksi sürücülərindən nəyi soruşacaq?
Qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya bildirib ki, Dövlət İmtahan Mərkəzi taksi sürücülərini qiymətləndirəcək:
“Yəni sürücülər DİM-in təşkil etdiyi imtahanlarda iştirak edib sənəd əldə edəcəklər və bu sənəd 7 il müddətində qüvvədə olacaq. Bu “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra Nazirlər Kabinetinin qəbul etdiyi qərarla tənzimlənir.
Bir neçə aydır bu proses artıq qanunda öz əksini tapsa da, bu barədə DİM tərəfindən hər hansı bir hərəkətlilik yox idi. Bu da imtahanları Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil edəcəyi fikrini ortaya qoyurdu. Çünki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvüyəm və bu proseslərlə dərindən maraqlanıram. Dəfələrlə də sorğu xarakterli müraciətlərimə cavab olaraq bu qərarın icrası ilə bağlı DİM-dən hər hansı bir cavabın olmadığı bildirilirdi”.
Ekspert hesab edir ki, ümumi respublika üzrə bu imtahanlar təşkil oluna bilər, yəni bütün bölgələri əhatə etmək mümkündür:
“Fikrimcə, DİM bunu tez bir zamanda həll edə bilməyəcək. Çünki hazırda ali məktəblərə qəbul prosesi keçirilir və bu proses özü də ağır işdir. Məncə, yay aylarının sonunda bu məsələ öz həllini tapa bilər. İmtahanda sürücülərin sırf etik davranış məsələsi, habelə psixoloji vəziyyəti, dil bilgiləri və s. ilə bağlı suallar ola bilər.
Sürücülər ən azından, məsələn, rus, ingilis dillərində elementar müraciət formalarını öyrənməlidirlər. Bir çox ölkələrdə bu təcrübə var və imtahanlar da fərqli qurumlar tərəfindən keçirilir. Azərbaycanda da yəqin ki, hökumət bunu ən yaxşı formada DİM-in təşkil edəcəyini hesab edir. Aidiyyəti qurumlarda imtahan sualları ilə bağlı müzakirə gedir. Çünki bu konkret fənn üzrə imtahan deyil, orada sırf gündəlik həyat tərzinə, iş planına, iş qrafikinə uyğun suallar olmalıdır. Onların iş və istirahət rejiminin təşkili, eləcə də sərnişinlərlə münasibət və s.
öyrəniməlidir. Bu imtahan təkcə taksi sürücülərinə aid deyil. Eyni zamanda, yük və sərnişindaşıma fəaliyyəti göstərən digər sürücülərin də imtahandan keçirilməsi nəzərdə tutulur. Ümumən bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki bu, bir peşədir və peşə ilə məşğul olan şəxslərin də müəyyən biliklərə malik olması çox vacibdir”.