Lerikin kəndlərində ot biçini mövsümü sona yaxınlaşır - FOTOLAR
Lerik rayonunda ot biçimi mövsümü davam edir. Əksər ərazilərdə gəmiricilərin yayılması səbəbindən bu il otlaq sahələrdə otun əvvəlki illərlə müqayisədə az olmasına baxmayaraq, ötən ay yağıntıların intensiv olması vəziyyəti bir qədər yaxşılığa dəyişə bilmişdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan dağlıq Lerik rayonunda qış üçün otun tədarük edilməsi zəhmətkeşlərin əsas mövsümi məşğuliyyətini təşkil edir.
Digər kəndlərdə olduğu kimi Lərmərud və Kirəvud kəndlərində də kiçikdən böyüyə hər kəs bu mövsümi əməyə səfərbər olub, təsərrüfatlarında saxladıqları heyvanlar üçün qışa yem tədarükü edirlər. Bu kəndlərdə olan ənənələrdən biri də şəhərlərdə yaşayanların kəndlərdəki qohumlarına bu mövsümdə köməyə getməsidir. Bakıda Binə qəsəbəsində yaşayan Seyfər Nəsirov hər il doğulduğu Kirəvud kəndinə gəlir və mövsüm bitənə qədər kənddə qalıb qardaşı Səfaya ot tədarükündə kömək edir. Bu köməkliklər və zəhmətkeşlik sayəsində çox da geniş olmayan sahələrdən insanlar qış üçün ot tədarükü edə bilirlər. Bu işdə Kirəvudda Ziyafət Cabbarov, Lərmərudda isə Fəzail Baxşıyev işlətdikləri texnika ilə insanlara böyük dəstək olurlar. Lərmərud kəndində yaşayan gənclər Fədail, Vicay, Emin, Səbahəddin, Mövlüd qohum qonşuya da çətin mövsümdə kömək etməyə çalışırlar. Beləcə gələn il daha yaxşı olacağı ümidi ilə Lerikin bu kəndlərində ot biçimi mövsümü sona yaxınlaşır. FİRDOVSİ