Xuliqanlıqda ittiham olunan idmançıların məhkəmə istintaqı başa çatıb, prokuror cəza istəyəcək
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə şahid qismində Bakı şəhər Halqasının əməkdaşları Elgün Tağızadə, Səbri Gülmalıyev, hadisə vaxtı "Dəniz Mall"ın mühafizə xidmətinin rəisi Taleh Hüseynov və idmançı-məşqçi Şəhriyar Abbasov ifadə verib.
Onlar hadisəni görmədikləri bildiriblər.
Prosesdə məhkəmə istintaqı başa çatıb. Söz prokurora verilsə də, dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses iyulun 1-də davam etdiriləcək.