Sosial şəbəkədə biz:

Xalq artisti: “Qızlar artıq retuzu bəyənmirlər, daha pis geyinirlər”

“Mənim 80 yaşım var, ağsaqqal kişiyəm, mədəniyyət sahəsində gördüyüm problemləri səsləndirməyə, tənqid etməyə haqqım var...” 

Bu sözləri Yenisabah.az-a Xalq artisti, konorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Mədəniyyət sahəsində ciddi islahatlara ehtiyac olduğunu bildirən sənətçi müşahidə etdiyi neqativ hallardan gileylənib: 

“Prezidentin sərəncamı ilə son 5 ildə 4 dəfə yüksək dövlət mükafatlarına layiq görülmüşəm.

Məhz buna görə, aidiyyəti qurumlara müraciət edirəm. Əzizlərim, müharibəni uğurla bitirdik, xarici siyasətimiz əladır, uğurlarımız çoxdur, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edirik, hər şey yaxşıdır, amma daxili məsələlərə vaxt ayırmağın zamanıdır. Əxlaqla, mənəviyyatla, elmlə, təhsillə və mədəniyyətlə ciddi surətdə məşğul olmaq lazımdır. 

Bu sahələri ciddi insanlara tapşırmaq lazımdır. Çünki strateji sahələrdir. Bu sahələrə gəlir yeri kimi baxmaq millətin məhvidir. 

Bu gün televiziyalarımız bərbad vəziyyətdədir. Eyni ifaçılar, səsi olmayanlar illərdir ki, efirlərdədirlər. Boş-boş danışıb o tərəfə, bu tərəfə getməklə məşğuldurlar. Kimə lazımdır televiziya? Artıq internet var, hamı istədiyinə oradan baxır. Kimsə telekanallardan pul qazanacaq deyə biz xalqın əxlaqını, mənəviyyatını korlamalıyıq?!

İncəsənət Universiteti kimə lazımdır? Tar çalan, nağara çalan hamısı oradadır, lazımsız fakültələr var. Musiqi Akademiyası var, bu ixtisaslar orada tədris olunmalıdır. İncəsənət Universitetində dram, kino aktyorluğu və rejissorluq fakültələri olmalıdır, vəssalam. Yerindən qalxan deyir ki, İncəsənət Universitetini bitirmişəm, amma balağı əlində küçələrdə qalıb, iş tapa bilmir, ya da gedib meymunluqla məşğul olur. Universiteti bitirib köhnə “meymun aktyorlar”a qoşulurlar, gündən-günə meymunların sayı artır. Tək-tük yaxşılardan fikirlərimə görə üzr istəyirəm, amma hər kəs razılaşar ki, bu cür qeyri-peşəkarların sayı durmadan artır”. 

O, bildirib ki, aidiyyəti qurumlar xalqın mənəviyyatını düşünməli, problemləri aradan qaldırmalıdırlar: 

“Millət də danışmır, etiraz etmir. Adi bir küçədə qalmış “manıs”a söz deyirsən, dərhal adama qarşı çıxırlar. Söhbət əxlaqımızdan gedir, artıq abır, ismət qalmayıb. 

Bu gün Azərbaycan oğlanları qızlardan daha abırlı geyinirlər. Çıxın küçəyə, baxın, görün, oğlanlar necə geyinir, qızlar necə geyinir. Gimnastika adlı idman növü var, bu idman növü ilə məşğul olan oğlanlar yaxşı geyinirlər, amma qızlar artıq retuzu da bəyənmirlər, daha eybəcər bir paltar geyinirlər, bütün əndamları çöldə qalır. Qızların bütün bədənləri görünür, gecə-gündüz telekanallarda da onları göstərirlər. Artıq sadaladığım sahələrdə yaranan biabırçı vəziyyətə son qoyulmalıdır”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol