Milyonlarla investisiya nə qazandıracaq?
“Ağdamda sənaye parkının əsasının qoyulması ölkə iqtisadiyyatı üçün kifayət qədər əhəmiyyəli məsələdir”.
Bu sözləri iqtisadçı ekspert Razi Abbasbəyli “Cebheinfo.az” – a şərhində Ağdamda hazırda qurulan sənaye parkının yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafında və şaxələnməsində əhəmiyyəti barədə danışarkən bildirib.
O qeyd edib ki, Ağdamda sənaye parkında müxtəlif sahələr üzrə bir çox istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulub:
“Sovet dövründə Ağdam Azərbaycan SSRİ-nin istehsal mərkəzlərdən biri olub. Bu rayonda daş karxanaları, dəri emalı zavodu, şərabçılıq müəssisələri və digər sənaye müəssisələri fəaliyyət göstərib. Ağdam istehsalat baxımından məhsuldar bölgə olub.
Ona görə də hesab edirəm ki, Qarabağda erməni işğalına son qoyulduqdan sonra Ağdamın yenidən istehsal bölgəsinə çevrilməsi doğru bir strategiyadır. Ağdam coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Yaxın zamanda Ağdamda aqrar sektoru üzrə istehsal sahələri – taxılçılıq, meyvəçilik, bağçılıq, balıqçılıq təsərrüfatlarının yaradılmasına və bütün bunların emala yönləndirilməsinə şahidi ola bilərik. Paralel olaraq, Ağdam sənaye parkının şaxaləndirilməsi istiqamətində addımlar atılmalıdır”.
Ekpert bir önəmli məqamı da vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən ölkənin digər rayonlarında logistika, tədarük və təchizat mərkəzlərinə ehtiyac yaranacaq:
“Düzdür, yaxın gələcəkdə Ağdamda sənaye parkının hansı istiqamətlər və hansı profillər üzrə fəaliyyət göstərəcəyi barədə detallı məlumatlar hələ yoxdur. Amma düşünürəm ki, sözügedən sənaye parkının gələcək məhsuldarlığının təminı üçün konseptual yanaşma irəli sürülməlidir. Ağdam sənaye parkının gələcək strategiyası üzrə müzakirələr aparılmalıdır”.
Ekspert ümid edib ki, Ağdamdakı sənaye parkı ölkənin digər bölgələrindəki sənaye parklarından daha üstün olacaq:
“Təəssüf ki, dövlət investiyası hesabına qurulmuş sənaye parkları qarşıya qoyulan hədəflərdən heç birinə çata bilməyiblər, heç bir gözləntini doğrultmayıblar. Nə Sumqayıt, nə Mingəçevir, nə də Gəncədə sənaye parkı özünü doğruldub, səmərəsiz və qeyri-rentabilli mərkəzə çevriliblər. Ümid edirəm ki, Ağdam sənaye parkında vəziyyət tam fərqli olacaq”.
Qeyd edək ki, Ağdam Sənaye Parkı son illərdə yaradılmasına baxmayaraq rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq bu günədək rezidentlər tərəfindən ümumilikdə sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur.