"Hadisə məsuliyyətsizlikdən baş veribsə, həmin şəxslər..." - Bağçadakı uşaq ölümü ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı və aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib. H.Əsədzadənin 2 yaşlı qızı Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarından birində ağır xəsarət alıb. Uşaq xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Azyaşlının bağçada ehtiyatsızlıqdan yıxıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında hadisəyə münasibət bildirib. E.Əfəndi qeyd edib ki, hadisə başğa kollektivinin diqqətsizliyindən dolayı baş veribsə, aidiyyəti şəxslər məsuliyyətə cəlb oluna bilərlər:
“Bədbəxt hadisə kimlərin məsuliyyətsizliyi ucbatından baş veribsə, araşdırılmalı və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Yəqin ki, məsələ polis orqanlarının nəzarətindədir, araşdırma aparılır. Bəlkə iki yaşlı uşaq diqqətdən kənarda qalıb, ona nəzarət olunmayıb, bəlkə də yatdığı yerdə çarpayıdan yıxılıb, bu zaman sual yaranır ki, çarpayının hündürlüyü niyə nizamlanmayıb, təhlükəsizlik təmin edilməyib. Ümumiyyətlə, özəl və ya dövlət olsun, bütün bağçalarda müşahidə kameraları olmalıdır. Baxmayaraq ki, valideynlər bağçalara etibar edib övladlarını oraya göndərirlər, yenə də bəzi hallarda kamera görünütülərinə ehtiyac olur. Valideynlərin kamera görünütülərinə daxil olmaq imkanı olmalıdır. Valideyn uşağının bağçada keçirdiyi vaxt ərzində nə ilə məşğul olduğunu, nə ilə qidalandığını, tərbiyəçi müəllimlərin onunla rəftarının, həmçinin uşaqların öz aralarında bir-biri ilə necə davrandıqlarının görməlidir. Düşünürəm ki, məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək”.