Problemli kreditlərin artma səbəbi: "Bir neçə gün gecikmə olanda...”
2024-cü il sentyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib.
Bu göstərici cari il avqustun 1-i ilə müqayisədə 4,3% və ya 19.1 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,8% və ya 35.8 milyon manat artıb. Son 1 ildə isə 11,5% və ya 61 milyon manat azalıb.
Problemli kreditlərin artmasının əsas səbəbləri nədir? İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”a bildirib ki, ümumiyyətlə, kreditin sayında artım olduğu üçün belə təbii ləngimələr olur:
“Əslində biz buna ilin sonunda diqqət yetirsək, stabilləşməni görəcəyik. Yəni elə bir ciddi problem müşahidə olunmur. Doğrudur, xüsusi çəkidə problemli kreditlər, istehlak kreditləri də var. Yəni, əhali tərəfindən kredit götürülür, ödənilməyən kreditlər də sonra öz əksini tapır.
Ancaq ümumilikdə kredit verilməsinin payı artdığı üçün və bir neçə gün gecikmə olduqda, dərhal statistik məlumatlara düşür, problemli hesab olunur”.
Ekspert bildirib ki, hələlik elə bir ciddi narahatçılıq yoxdur:
“İqtisadiyyatın, dövriyyənin böyüməsi ilə bağlı bu rəqəmlərin artması təbiidir. Hazırda elə bir təhlükə yoxdur. İlin sonundakı hesabatlara da baxacağıq”.