Sosial şəbəkədə biz:

Kostanyan: “Müqavilədə azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı heç bir bənd yoxdur”

Ermənistan-Azərbaycan sülh müqaviləsi layihəsində azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı heç bir bəndin olmadığı bildirilir.

Bu barədə oktyabrın 3-də Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasından sonra yerli jurnalistlərə danışıb.

Nazir müavini qeyd edib ki, Ermənistan özünün efirlərindən Azərbaycanın uydurma tezislərini səsləndirmək üçün istifadə etməməlidir.

Vahan Kostanyan sülh müqaviləsi layihəsinin məzmununun ictimaiyyətdən gizlədilmədiyini də bəyan edib.

“Bu proses şəffafdır, biz həmişə danışıqlar və görüşlər barədə məlumat veririk, həm Baş nazir, həm də Xarici İşlər Nazirliyinin rəhbəri mütəmadi olaraq (sülh müqaviləsi layihəsinin mətni haqda) hesabat verir”, – deyə Kostanyan əlavə edib.

Onun sözlərinə görə, sazişin razılaşdırılmış bəndləri artıq ölkələr arasında diplomatik münasibətlərin qurulması və digər məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün kifayətdir.

Diplomat həmçinin deyib ki, bütün humanitar məsələlər, o cümlədən, məhbusların qaytarılması məsələsi XİN-in diqqət mərkəzindədir və Azərbaycan tərəfi ilə keçirilən bütün görüşlərdə qaldırılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada bildirmişdi ki, Yerevan və Bakının müzakirə etdiyi sülh sazişi digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişatına nəzarət etmək üçün birgə komissiyanın yaradılmasını nəzərdə tutur.

Oktyabrın 2-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia etmişdi ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün “siyasi iradəsi” yoxdur və ola bilər ki, ona qarşı əlavə hərbi əməliyyatlar planlaşdırır.

Ermənistanın xarici işlər naziri şikayətlənib ki, tərəflər arasında fikir ayrılığını aradan qaldıracaq müvəqqəti sülh müqaviləsinin imzalanması ilə bağlı Yerevanın təklifini rəsmi Bakı dəfələrlə rədd edib:

Bəzi səbəblərdən, müəyyən hesablamalara görə, onlar hər dəfə yeni ilkin şərtlər irəli sürürlər və biz görürük ki, Bakı  sadəcə olaraq sənədi imzalamaq istəmir… Biz Azərbaycan tərəfdən siyasi iradə görmürük”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol