Həyat yoldaşını və 8 aylıq qızını öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza
1 il 4 ay əvvəl 20 yaşlı həyat yoldaşını və 8 aylıq qızını qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib. Oktyabrın 7-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
31 yaşlı Fərid Hüseynlinin işi üzrə 9 aydan çoxdur davam edən məhkəmə prosesi qapalı keçirilirdi. Hadisə 2023-cü il iyunun 20-də Abşeron rayonu, Qobu qəsəbəsində ailənin yaşadığı evdə baş verib.
İttihama görə, Fərid Hüseynli bıçaqla həyat yoldaşı Leyla Hüseynlini və qızı Aylanı vurub, daha sonra özünə xəsarətlər yetirib. 20 yaşlı Leyla elə hadisə yerində ölüb. Ayla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fərid Hüseynli özü də təxminən 20 gün komada qalandan sonra ayılıb.
Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan Leyla Hüseynli və qızı Ayla Masallı rayonunda dəfn olunub.
Leyla Hüseynlinin yaxınları Meydan TV-yə bildirib ki, onun atası ilə Fəridin atası uzun illər dost olub: “Onlar bir-birini belə tanıyıb və evləniblər”.
Fərid Hüseynliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki nəfəri öldürmə) maddələrilə ittiham irəli sürülüb.