Şəhid Nurəddin Mirzəzadənin yarımçıq həyat yolu
Şəhid Nurəddin Burhan oğlu Mirzəzadə 22 aprel 2003-cü ildə Bakı şəhərində anadan olub. O, 2009-cu ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı orta məktəbdə oxumağa başlayır. Nurəddin uşaq yaşlarından özünəməxsus fərqliliyi və xarakteri ilə seçilirdi. Bu səbəbdən ətrafda hamı tərəfindən sevilib-seçilən uşaq olur. Nurəddin Coğrafiya fənnini daha cox sevərdi, bütün ölkələri və onların paytaxtlarını əzbər bilirdi.
Hər bir uşağın olduğu kimi, Nurəddinin də arzuları var idi. Onun ən böyük arzusu məşhur futbolçu olmaq idi. 104 saylı orta məktəbdə oxuyarkən, futbola olan böyük marağına görə atası onu Rəvan Futbol Akademiyasına yazdırır. Qeyd edim ki, Nurəddinin ürəyi futbol ilə döyünürdü. Ailə üzvlərinə söyləyərdi “mənimlə hər zaman fəxr edəcəksiz”.
Bu arzuların ağuşunda Nurəddin Mirzəzadə ölkəmizin müxtəlif rayonlarında keçirilən futbol yarışlarında iştirak edib, diplomlarla təltif olunub. Çünki yaşadığı bu qısa ömrü ərzində fudbola xüsusi maraq göstərirdi, sanki futbolla yaşayır, futbolla nəfəs alırdı. 2019-cu ildə ölkə xaricində – Gürcüstanın Batumi şəhərində təşkil edilən futbol yarışına yollanır. Orada olarkən ailə üzvlərinə Gürcüstan xalqına aid simvolik hədiyyələr gətirir, bacısına “bacı mən cox məhşur fudbolçu olacam, bütün ölkələri gəzəcəm, orada sənə çoxlu hədiyyələr gətirəcəm” söyləyərdi. Taleh elə gətirdi ki, pandemiya Nurəddinin futbol karyerasına zərbə vurdu, arzuları yarımçıq qalmağa başladı. Sanki bir anda bütün qapılar bir-bir üzünə bağlanır.
Bu dövrdə Nurəddin Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təsil Mərkəzində Zərgərlik peşəsi üzrə təhsil almağa başlayır. Düz söyləyirlər ki, qəhrəmanlar uşaq yaşlarından seçilir. İkinci Qarabağ müharibəsi başlayır. Şəhidimizin qardaşı və əmisi oğlanları döyüşə yollanır. Nurəddinin 17 yaşı olur. Buna baxmayaraq, özünə yer tapa bilmir. Ailə üzvlərinə “kaş mənim də yaşım çatardı, mən də döyüşə gedib canla-başla döyüşərdim” deyərdi. Qardaşı müharibədə olarkən bayraq alıb evin ən sevdiyi güşəsinə asır.
Onun ən böyük arzularından biri də işğaldan azad olunan torpaqlarımızda xidmət etmək idi. Baxmayaraq ki, Nurəddin dünyaya göz açanda artıq torpaqlarımız düşmən işğalı altında idi, həmin torpaqları görməmişdi, amma şəhidimizin Azərbaycanın hər bir guşəsinə, xüsusən də Ali Baş Komandanın əmri ilə şücaətlə döyüşən ordumuz tərəfindən işğaldan azad edilmiş Qarabağa böyük marağı və sevgisi var idi. Beləcə 2022-ci ildə peşə məktəbini bitirir, diplomunu əlinə almamış çağırış vərəqi gəlir. Nurəddin dərhal səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin qeydiyyatı üzrə Suraxanı rayon şöbəsinə yollanır. Şəhidimizə iyul ayının 1-i gedəcəyi bildirilir. İyulun 1-i xəbər cıxmayınca Nurəddin yenidən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin qeydiyyatı üzrə Suraxanı rayon şöbəsinə yollanır yollanır və orada məsul şəxslərə bildirir ki, ayın 1-i məni çağırmadınız. Hətta orada çavuş ona söyləyir ki, “görürəm çox həvəslisən Nurəddin”. 13 iyul 2022-ci ildə hərbi xidmətə yollanır. Gəncədə N saylı hərbi hissədə xidmət edir. Arzularından biri də xüsusi təyinatlı qüvvələrdə xidmət etmək olur, amma bu arzusuna da çata bilmir…
Gəncədə xidmət etdiyi müddətdə komandirlərinin və əsgər yoldaşlarının sevgisini, hörm qazanır. Baş atıcı olan şəhidimiz xidməti vəzifəsində seçilən əsgərlərdən olur. 3 ay xidmət etdikdən sora xidmətini Kəlbəcərdə davam etdirir. Yeri gəlmişkən, Nurəddinin arzularından biri Şuşa və Kəlbəcərdə xidmət etmək olub. Beləcə Kəlbəcərdə N saylı hərbi hissədə xidmətini davam etdirir. Atasına zəng edib deyir: “Ata mən Göyçə gölünə getmişdim, buralar çox gözəldir”. Nurəddin hərbi xidmətdə olduğu ilk günlərdə intizamı, tərbiyəsi və gözəl davranışları ilə seçilir, orada komandirlərinin, əsgər yoldaşlarının sevgisini qazanır. Sevilən, nizam-intizamı ilə seçilən əsgərlərdən olur. 25 noyabr 2022-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən ŞƏHİDLİK zirvəsinə ucalır. Şəhid Nurəddin Mirzəzadə Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunur. Beləcə şəhidimizin bütün arzuları yarımçıq qalır. Şəhid olanda 20 yaşının tamam olmasına 5 ay qalmışdı. Bu qısa ömür payında Nurəddin onu tanıyanların hamısının yaddaşında yaxşı insan kimi qaldı. Bir dəfə olsun kiminsə qəlbinə dəymədi. Öz pak, təmiz ruhu ilə haqqın dərgahına qovuşdu. Ancaq Nurəddinin yoxluğu onu sevənləri hər zaman yandıracaq, üzəcək və bu iztirab sonsuzadək davam edəcəkdir.
Allah məqamını uca eləsin. Amin!
Dəniz Aslan