Nazim Bəydəmirli 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb
Keçmiş deputat, iqtisadçı hazırda həbsdə olan Nazim Bəydəmirli Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasından 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədə yazıb.
“Nazim zəng vurub, dedi ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mən bu gün Qaradag rayonunda yerləşən həbsxanaya Nazimi ziyarətə getdim. Karantində olduguna baxmayaraq sağ olsunlar, ərzaq və görüşə icazə verdilər. Şəraitinin olduqca bərbad olmağı bir yana, Nazim hazırda ən qəddar cinayətkarlarla – 20-25 il azadlıqdan məhrum olunmuş iyirmi məhkumla bir otaqda qalır”, – Fəridə Bəydəmirli deyir.
Bildirir ki, 2023-cü ildən Nazim Bəydəmirlinin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb:
“Onun ürəyində yaranmış problem öz ciddiliyini qoruyur. Nazimi ən agır şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Buradan Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm, Nazim Bəydəmirlinin səhhətindəki problemləri və yaşadıgım ünvanda cəzaçəkmə müəssisəsinin 40 kilometr uzaq olmagını nəzərə almagınızı və çox gec olmadan həyat yoldaşımın başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə göstəriş verməyinizi xahiş edirəm”.