Britaniyanın nüfuzlu nəşri AZAL-ın təyyarəsinin vurulmasından yazdı - "Malayziya təyyarəsi kimi..."
Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması 2014-cü ildə Ukrayna səmasında vurulmuş Malayziya Hava Yollarına məxsus MH17 reysinin qəzasına bənzəyir.
“The Telegraph” nəşrində yayımlanan məqalədə belə deyilir.
Nəşrə danışan aviasiya eksperti deyib ki, Aktauda baş vermiş qəza Rusiyanın dəstəklədiyi separatçıların Donbass üzərində yer-hava raketi ilə sərnişin təyyarəsini vurması nəticəsində 298 nəfərin ölümünə səbəb olan MH17 faciəsini xatırladır: “Son on ildə ikinci dəfədir ki, mülki təyyarə Rusiya istehsalı olan raketlərlə vurulur. Amsterdamdan Kuala-Lumpura uçan MH17 reysli təyyarə rusiyayönlü qüvvələr tərəfindən səhvən Ukrayna hərbi təyyarəsi kimi qəbul edilərək vurulmuşdu. İstintaq MH17-nin yer-hava raketi ilə vurulduğunu müəyyən edib. Bu təyyarədə tapılan qəlpə dəlikləri “Embraer 190”-dakı zədələrə bənzəyir.
“Osprey Flight Solutions” şirkətindən Metyu Boreyə görə, hər iki hal səhv identifikasiyanın nəticəsi ola bilərdi: “MH17 Ukrayna hərbi təyyarəsi, AZAL-8243 isə Ukrayna pilotsuz təyyarəsi ilə səhv salınıb”.
Qeyd olunur ki, MH17 hadisəsində beynəlxalq araşdırma bu cinayətdə Rusiya hərbçilərinin iştirakını müəyyən edib.
“AzPolitika.info”