Sosial şəbəkədə biz:

Almaniya Prezidenti Bundestaqı buraxdı

27 December 2024, 16:53
Gündəm

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkə parlamentini (Bundestaq) buraxıb və növbədənkənar parlament seçkilərini 2025-ci il fevralın 23-nə təyin edib.

Bu barədə “Tagesschau” xəbər verir.

“Belə çətin anlarda sabitliyin təmin edilməsi bacarıqlı hökumət və parlamentdə etibarlı çoxluq tələb edir”, – ölkə Prezidenti deyib.

Frank-Valter Ştaynmayer dekabrın 20-də parlamenti buraxmaq niyyətində olduğunu bildirib.

O, federal hökumət üçün sabit parlament çoxluğunun yaradılması üçün artıq heç bir perspektiv olmadığını deyib.

Dekabrın 16-da Bundestaqın üzvləri Olaf Şolts hökumətinə etibar etməkdən imtina ediblər.

Şoltsun özünün təşəbbüsü ilə çağırılan xüsusi iclasda 717 deputatdan 207-si kabineti dəstəklədiyini, 116-sı bitərəf, 394-ü isə əleyhinə olduğunu bildirib.

Şolts hakim koalisiyanın dağılmasından sonra deputatlar qarşısında etimad məsələsini (bu növbədənkənar seçkilərin təyin edilməsi üçün formal əsasların olması üçün lazımdır – müəllif) qaldırıb.

Səsvermədən sonra Şolts parlamentin rəsmən buraxılması təklifi ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə müraciət edib.

O, bunu 21 gün ərzində etməli idi, bundan sonra yeni seçkilər təyin ediləcəkdi.

2021-ci ildən Almaniyada Sosial Demokrat Partiyası (Şoltsun rəhbərlik etdiyi), “Yaşıllar” və Azad Demokrat Partiyasının daxil olduğu koalisiya hakimiyyətdədir.

2024-cü il noyabrın əvvəlində koalisiyada iqtisadi islahatlarla bağlı ciddi fikir ayrılıqları fonunda Azad Demokrat Partiyası koalisiyanı tərk edib.

Azad Demokrat Partiyası olmadıqda, Sosial Demokrat Partiyası və “Yaşıllar”ın parlament çoxluğu qalmır.