Ölkədən külli miqdarda qızıl çıxarmaq istəyərkən saxlanılan vəzifəli şəxs Xəzər RİH başçısının müavini deyil - RƏSMİ
Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Əfsar Xasay oğlu Mirzəliyevin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov deyib.
O bildirib ki, Ə.Mirzəliyev işinin başındadır: "Hadisədə adı hallanan şəxs icra başçısının müavini Əfsar Mirzəliyev deyil..."
Qeyd: "Bakupost.az" saytının yaydığı məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda əməliyyat keçiriblər. Əməliyyat zamanı 4 kiloqram qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb. Qeyd olunub ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır. Bəzi saytlarda isə iddia olunub ki, saxlanılan şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyevdir.