Sosial şəbəkədə biz:

Sosial aqressiyanın məqsədli şəkildə yönləndirildiyi yeni ünvan - "Oba"

Diqqət edirsinizsə, İkinci Qarabağ Müharibəsindən əvvəlki - sentyabrın 27-nə qədər olan “ictimai aqressiya” sanki geri qayıdır. “İctimai aqressiya” bu dəfə təbii şəkildə yox, müəyyən mərkəzlərin mətbəxində hazırlanan tezislərlə geri dönüş edir.

Sosial problemlər bu aqresiyanın əsas bazasını təşkil etsə də, cəmiyyətdə “aqressiyanın bərpası” xarici güclər tərəfindən və zərgər dəqiqliyi ilə həyata keçirilməkdədir. Hələki ideoloji boşluğun kosmetik, gözləgörünə bilən, zamanında aşkarlanan və idarəolunan fəsadlarını müşahidə edirik. Ölkədə, regionda baş verən hadisələrə emosional və “hərfi mənada” yanaşmaq, “vicdan püləmək”, faktı araşdırmadan ictimailəşdirmək dövlətin işini çətinləşdirməkdir, ya ciddi müşahidə aparıb hadisələrin görünməyən tərəflərinə işıq tutmağı bacarmalısan, ya da ümumiyyətlə, heç nə yazmamalısan. Bu, hansısa “piarşik”lərin, sosial media dəllallarının, inzibatçı jurnalistlərin, hər stajlı media adamının başa düşə biləcəyi məsələ deyil. Hər halda onların hadisələrə münasibəti bunu deməyə əsas verir.

Bakıdakı, əsasən regionlardakı sosial problemlərin lentə alınaraq siyasiləşdirilməsi sıradan proses deyil, bu, xarici güclərin strateji hədəflərindəndir. Bu missiyanın media qanadının təmsilçiləri - sosial problemlərin “üsyan müstəvisində” təqdimatının yerli müəllifləri hazırda həbsdədirlər. Sosial problemlər işıqlandırılmamalıdır? Əlbəttə ki, işıqlandırılmalıdır. Amma bu problemlərlə dövlət suverenliyinin dayaqlarını, atributlarını hədəf almamalısan.

Bu gün DİN, DTX dövlətin “bronjileti” roludan çıxış edir. Hədəf həm də bu “bronjileti” yarmaq, zədələmək, ictimai nüfuzdan salmaq, xalqın inamını sarsıtmaqdır. Əgər buna nail olsalar, növbəti mərhələ daha asan olur. Hər hansı bir məmurun korrupsiyaya bulaşması, onun özbaşınalıqları ictimai qınağın və media prinsiplərinin bəlli sərhədləri çərçivəsində həyata keçirilməlidir. Bu da peşəkarların işidir. Təəssüf ki, meydan qeyri-peşəkarlarındır, buna görə də cəmiyyət törəmə və əlavə problemlərə hamilə qalır. İndi gələk əsas məsələyə...

Son günlər ölkədə baş verən və sosial mediada ən çox müzakirə edilən iki hadisəyə diqqət edin:

-İmişlidə baş verən fəciəvi qəza

- “Oba” marketdə filiallarının birində yaşanan xoşagəlməz hadisə

BİRİNCİSİ: İmşlidə baş verən qəzadan sonra xaricdən maliyyələşən sosial media resursları, eyni şəbəkənin jurnalistləri, siyasi mühacirlər və onların rəhbərlik etdiyi resurslar daha çox 2 nüansı önə çəkdilər:

- Vətəndaşların polis maşınını təpikləməsi (aqressiyanın təqdimatı və təşviqi)

- Kütlənin içərisində bir nəfərin “istefa” şüarı səsləndirməsi (bu dəfə “istefa” şüarının siyasi deyil, sosial tələb kimi ortaya çıxdığını təqdim etmək cəhdi)

Təəssüf ki, ölkəmizdə dövlətdən hər cür imtiyaz alan xeyli sayda jurnalistlər də xarici güclərin bu tələsinə düşdülər. Ona görə yox ki, vicdanlı adamlardırlar və məktəbli uşaqların ölümünə səssiz qala bilmədilər, ona görə ki, peşələrini və vicdanlarını “alış-veriş predmeti” kimi yenidən piştaxtaya çıxartdılar, fürsətdən yararlanıb bəlli dairələrə mesaj verdilər ki, baxın, yeri gəlsə, belə də yaza bilərəm, mənim pulumu kəsməyin. Özlərinin “riskli jurnalistlər” siyahısındakı yerlərini möhkəmləndirdilər. Sosial şəbəkədə yığdığı “like”lar da bu çirkin niyyətin rəqəmlə ifadəsi idi. Əslində xaricə bağlı müxalif media bu iki nüans ətrafında manipulyasiya edərək ölkədə “sosial partlayış”ın baş verdiyinin sosial görüntülərini yaratmaq cəhdini ortaya qoydu.

İKİNCİSİ: “Oba” marketdə baş verən hadisənin ictimaləşdirilməsi maraqlı “metodologiya” ilə həyata keçirildi: öncə radikal müxalifətə yaxın hüquqşünaslar bu məlumatı paylaşdı, amma heç bir reaksiya olmadı. Daha sonra onların əli ilə məlumat “Azadlıq qəzeti” səhifəsinə ötürüldü və siyasi mühacirlər, onların nəzarətində olan media resursları fürsətdən yararlanıb bu məlumatı araşdırmadan ictimailəşdirdilər. Bu məsələdə də oğurluq hadisəsi və “Oba”nın hansısa filial müdirinin hərəkətləri “ictimai fakt” kimi təqdim olunmadı.

Əksinə... Belə bir görüntü yaradıldı ki, Azərbaycanda “bandit”lik, girovgötürmə halları baş alıb gedir, dövlər isə susur. Ölkədə “rekert” abu-havanının hökm sürdüyünü göstərməyə cəhd edirlər.

Kökləri xaricdə mənzillənən tezisin hədəfləri kifayət qədər aydındır - oğurluq edən uşağın ailəsi kasıbdır, dövlət ailəyə yaxşı baxmır və sonda uşaq məcbur qalıb oğurluq edir, nəticədə də girov saxlayırlar. Pair bu yöndə gedir. Halbuki hər gün ölkədə yüzlərlə oğurluq və yol qəza hadisəsi baş verir. Amma bu hadisələrin siyasiləşdirilməsinin və nəticədə dövlətin hədəfə gətirilməsi hallarının ciddi layihə olduğunu hər kəs anlamalıdır.

Təəssüf ki, dövlətdən imtiyazlar alan bəzi şəxslər bu məsələdə də xarici qüvvələrin tələsinə düşdülər. Baş verən oğurluq hadisəsi də siyasiləşdirildi, mənfur şəbəkə bu dəfə də əsas dəstəyi dövlətin yanında olduğunu iddia edən şəxslərdən almış oldu.

“Oba” marketdə baş verən məqsədli şəkildə hadisəni siyasiləşdirən və ittihamedici mövqe tutan şəxsləri də üç qrupa bölmək olar:

1. Xaricdən maliyyələşən müxalif media, siyasi mühacirlər

2. “Veysəloğlu” şirkətlər qrupundan pul uman sayt rəhbərləri, jurnalistlər

3. Bəzi ictimai fəallar və blogerlər, şirkətdən daim narazılıq edən sosial şəbəkə istifadəçiləri

“Oba” marketlər şəbəkəsindən verilən açıqlamanı da oxudum, orada hadisəni ört-basdır etmək cəhdi müşahidə olunmurdu. Əksinə, hadisənin necə baş verdiyi xronoloji ardıcıllıqla aydın təsvir edilirdi. Bu hadisə haqqında müfəssəl məlumata sahibəm. Düşünürəm ki, mağaza müdirinin ən böyük günahı humanizm göstərməsi olub. Gərək o, rəhm etməyəydi, gələcəyin potensial “türemşiki”ni vaxtında polisə təhvil verərdi. Kimsə o uşağın girov saxlanıldığını düşünürsə, bu, artıq onun öz vicdan məsələsidir. 9-cu sinif şagirdinin davamlı olaraq oğurluq etməsi, mağazanın işçilərini borclandırmasını heç kəs müzakirə etmir. Son vaxtlar azyaşlıların oğurluq halları çoxalıb, güman edirəm ki, polis orqanları o uşağın başqa yerlərdə baş verən oğurluq hallarında iştirakının olub-olmadığını da araşdıracaq.

Samir Feyruzov


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol