Paşinyan: “Bakıda erməni məhbuslara qadağan olunmuş psixotrop maddələr verilir”
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Bakıda saxlanılan erməni məhbuslardan ifadələr almaq üçün onlara qadağan olunmuş psixotrop maddələr verilir.
Bunu Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına (İTV) müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı bunu regional eskalasiyaya rəvac vermək məqsədilə edir:
“Yerevanda belə bir məlumat var ki, regionda gərginliyin artmasına səbəb olacaq bəyanatları qızışdırmaq məqsədilə Bakıda saxlanılan erməni məhbuslara qadağan olunmuş psixotrop maddələr verilir”.
“Bakıda saxlanılanlardan heç kimi siyasi rəqibim hesab etmirəm. Üstəlik, baş verənlər təkcə ciddi narahatlıq doğuran məsələ deyil, həm də regionda baş verəcək yeni eskalasiyanı qızışdırmaq məqsədilə edilir. Bizdə məlumat var ki, regional eskalasiyanı qızışdırmaq məqsədi ilə onlardan ifadə almaq və şahidlik etmək üçün istifadə olunur. Ona görə də məhbuslar qadağan olunmuş psixotrop maddələrə məruz qalırlar. Biz bu məsələni bütün mövcud vasitələrlə həll etməyə çalışırıq”, – Paşinyan belə deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın açıqlamasına reaksiya verib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Paşinyanın dediklərinin heç bir əsası yoxdur:
“25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür.
“Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib. Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır”, – Hacızadə belə deyib.
“Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma “müstəqillik” münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”, – XİN rəsmisi bildirib.