Nazim Bəydəmirlinin vəziyyətinin pisləşdiyi bildirilir
Keçmiş deputat, hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirlinin vəziyyətinin pisləşdiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədə yazıb.
“Bu gün (yanvarın 29-da) Nazim zəng elədi, səhhəti ilə bağlı narahatlığı davam edir. Ürəyindən və sol ayağının tutulmasından şikayət etdi”, – Fəridə Bəydəmirli yazıb.
Bildirib ki, Nazim Bəydəmirlinin səhhəti ilə əlaqədar 2024-cü il dekabrın 27-də Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub. Həyat yoldaşının səhhəti ilə bağlı məlumat versə də, Nazim Bəydəmirli hələ də həkim müayinəsindən keçirilməyib:
“Nazimin səhhətində yaranmış ciddi sağlamlıq problemləri haqqında danışmışam. Demişəm ki, xəstəxanaya yerləşdirilməlidir və müayinə olunmalıdır. Mənə vəd verildi ki, mütləq kardioloji komanda göndəriləcək və hospitala köçürüləcək. Üstündən bir ay keçməsinə baxmayaraq, həkimlər Nazimin səhhəti ilə maraqlanmayıblar. Onu müayinə etsəydilər, vəziyyətinin ciddiliyini görərdilər. Cəmil Kamilli ilə görüşümüzdə ondan səmimi və ədalətli olmasını xahiş etmişdim”.