Sosial şəbəkədə biz:

Rusiyada 12 il əvvəl qətl törədənlər Bakıda tutuldu

Ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işini Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib.

Bu barədə Azinforum.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlı qalan cinayət işlərinin açılması istiqamətində beynəlxalq əməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə birgə effektiv istintaq tədbirləri həyata keçirir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol