Erməni bloger İlham Əliyevə müraciət edərək siyasi sığınacaq istədi
Erməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək siyasi sığınacaq istəyib.
O, bu barədə öz “Telegram” kanalında yazıb.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət.
Hörmətli cənab Prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığıma görə Ermənistanda mənim barəmdə cinayət işi başladılıb.
Ermənistan hakimiyyəti Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınmasının tərəfdarı olduğuma, həmçinin “Artsax” və onunla bağlı hər şey haqqında tənqidi açıqlamalarıma görə məni ömürlük cinayət cəzasına məhkum etmək istəyir.
Onu da bildirmək istəyirəm ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə səbəb olacaq və mənim haqqımda elan edilmiş beynəlxalq axtarış Ermənistandakı həbsxanadan başqa hər yerdə yolumu kəsir.
Hörmətli cənab Prezident, mMövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşı olduğum ölkəyə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, mənə Azərbaycanda siyasi sığınacaq verməyinizi xahiş edirəm”, - müraciətdə deyilir.
Qeyd edək ki, Verdyanın hazırda Türkiyənin İstanbul şəhərində yaşadığı bildirilir.