Sosial şəbəkədə biz:

“Food City” bazarında azərbaycanlılar hüquqsuz, ən çətin şərtlər altında işləyir-Şikayət etməyə yer yoxdur…

İlham Rəhimovu son 300 ildə Rus çarına ən yaxın azərbaycanlı hesab etmək olar. Təəssüf ki, Rus çarının dostu Putin İlham bizə qarşı çevrilən kəsici qılınca döndü.

Bir vaxtlar Rusiyada meyvə-tərəvəz biznesinin əsasını azərbaycanlı iş adamları təşkil edirdi. Meyvə-tərəvəz ticarəti nəticəsində yüzlərlə iş adamı milyonçu olmuşdu. O dövrlərdə Rusiyadan Azərbaycana, ölkə büdcəsinə böyük pullar axırdı. Ərazi bütövlüyü pozulmuş, torpaqlarının 20 faizdən çoxu işğal altında olan, bir milyondan artıq qaçqını olan bir ölkənin həmin vəsaitlərə ciddi ehtiyacı vardı. Hər bayramda Rusiyadan evlərinə qayıdan insanların xərclədiyi pullar region iqtisadiyyatının aylarla ayaqda qalmasında mühüm rol oynayırdı.

Moskvanın Pokrovski meyvə bazarı bu biznesin şah damarı, mərkəzi idi. Rusiyanın digər regionlarındakı meyvə bazarları da məhz Pokrovski bazarı ilə əlaqəli çalışırdı. Bazarın adı dağıstanlılara məxsus olsa da, əsas söz sahibi və qazananlar azərbaycanlılar idi. Bazarın daxilində azərbaycanlıların idarə etdiyi və böyük pullar qazandıqları yüzlərlə ictimai iaşə obyekti, pul köçürmə məntəqələri, banklar, hüquq xidmətləri fəaliyyət göstərirdi. Pokrovski bazarında təxminən 30 min insan çalışırdı. Digər regionlardakı bazarlarda çalışan insanları da nəzərə alsaq, söhbət yüz minlərlə azərbaycanlını əhatə edən, illik dövriyyəsi milyardlarla dollar olan bir biznesdən gedirdi.

Pokrovski bazarının direktoru vətənpərvər, xeyirxah və bacarıqlı bir iş adamı kimi tanınan şəmkirli Məhərrəm Quliyev idi. O dövrləri yaxşı xatırlayanlar bilir ki, Məhərrəm Moskvaya gedən hər bir azərbaycanlının sənəd işindən tutmuş iş qurmasına qədər hər şeydə dəstək olurdu. O, heç kimi nə yolda qoyurdu, nə də pulsuz buraxırdı.

(Kəndlərində gözəl, müasir məktəb, uşaq bağçası, məscid tikdirmiş, kəndarası yolları asfaltdan saldırmış, yüzlərlə kitabın çapına və müxtəlif xeyriyyə tədbirlərinə sponsorluq etmişdi. Lakin onu biznesdən uzaqlaşdırmaq üçün oyun quruldu, Rusiya vətəndaşlığı ləğv edilərək deportasiya olundu. Meyvə biznesində çalışanlar deyirlər ki, Məhərrəmlə birlikdə bu biznesin bərəkəti də yox oldu.)

Pokrovski bazarında ən ucuz anbarın qiyməti 2-2,5 milyon dollar idi. Yüzlərlə anbarı, ticarət obyektlərini, bankları göz önünə gətirin. Dəyəri və dövriyyəsi milyardlarla dollarla ölçülən bu obyektlər sadə azərbaycanlı ailələrindən çıxmış insanlara məxsus idi.

Sonra nə baş verdi?

2013-cü ildə Orxan Zeynalov adlı bir azərbaycanlının bir rus vətəndaşını öldürməsi bəhanə gətirilərək, sanki böyük bir terror təşkilatına qarşı mübarizə aparılırmış kimi Pokrovski bazarına hücum edildi və bazar dağıdıldı. Bir günün içində azərbaycanlılara məxsus milyardlarla dollar dəyərində əmlak və biznes məhv edildi. Bu pulların itkisi bu gün də ölkə iqtisadiyyatına və regionların inkişafına böyük zərbə vurub.

Sonradan bu işlərin arxasından “Food City” bazarının adı çıxdı. Məlum oldu ki, bu işlərin arxasında milyardlarla dövriyyəsi olan meyvə-tərəvəz biznesini ələ keçirmək istəyən Putin İlhamın dəstəklədiyi Qod Nisanov və Zarah İliyev dayanırmış.

İlham Rəhimovu son 300 ildə Rus çarına ən yaxın azərbaycanlı hesab etmək olar. Təəssüf ki, Rus çarının dostu Putin İlham özümüzü kəsən qılınca çevrildi.

Artıq meyvə-tərəvəz biznesi azərbaycanlılara məxsus deyil. Bu sahədə bir nəfər də olsun milyonçu azərbaycanlı iş adamı qalmayıb. Sözə baxmayan, sərf etməyən iş adamlarının Rusiya vətəndaşlığı anında ləğv olunur və onlar Bakıya deportasiya edilir. Bu gün “Food City” bazarında azərbaycanlılar hüquqsuz, ən çətin şərtlər altında işləyir. Hər addımda cərimələr, sanksiyalar, qiymət artımları insanların nəfəsini kəsir.

Şikayət etməyə isə yer yoxdur. Çünki bu işlərin arxasında Putinin “əziz dostu” dayanır. Cənab Dost isə Keşiş Qapon kimi milləti ortalıqda qoyub, bağlı qapılar arxasında gizlənib.

Şahin Nəcəfov


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol