Sosial şəbəkədə biz:

Tədris-Cərrahiyyə Klinikasında həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir

15 March 2025, 01:59
Gündəm

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının həkimləri bir neçə aydır əməkhaqlarını ala bilmirlər. Bununla bağlı xəstəxana kollektivi arasında narahatlıq yaranıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödənişləri vaxtlı-vaxtında həyata keçirir, lakin Tədris-Cərrahiyyə Klinikası tərəfindən müvafiq ödənişlər vaxtında verilmir.

Mənbə bildirir ki, Tədris-Cərrahiyyə Klinikasında texniki təminatla bağlı da problemlər var. Belə ki, sözügedən xəstəxanada MRT və anjio aparatları işləmir.

Məsələ ilə bağlı Bizim.Media Tədris-Cərrahiyyə Klinikasına sorğu ünvanlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, klinikada bütün tibbi heyətin, o cümlədən həkimlərin əməkhaqları vaxtında ödənilir:

“Müraciətdə qeyd olunan məsələyə gəldikdə isə, bəzən həkimlərə verilən bonusların gecikməsi halları yaşana bilir. Bunun səbəbi ay ərzində bonusların hesablanması məqsədilə reyestrlərin yoxlanılması prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır”.