Sosial şəbəkədə biz:

Yerevan Bakını sülh sazişi ilə bağlı məsləhətləşmələrə çağırır

Ermənistan Baş nazirinin ofisi Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması iddialarına cavab verib.

Bildirilib ki, Azərbaycanın atəşkəs rejiminin pozulmasına dair məlumatlarından sonra Ermənistan Müdafiə Nazirliyi yoxlama işləri aparıb.

“Yoxlamanın nəticələrinə əsasən Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulmasına dair əsas yoxdur. Ermənistan hökuməti xatırladır ki, atəşkəs pozuntusu hallarını, yaxud bu haqda məlumatları araşdırmaq üçün birgə Ermənistan-Azərbaycan mexanizmi yaradılması təklif olunub. Bu təklifi Ermənistan baş nazirinin ofisi 2024-cü il iyunun 22-də verib, Azərbaycanın ona bugünədək müsbət reaksiya vermir. Azərbaycan Ermənistan ordusu tərəfindən atəşkəsi pozması ilə bağlı Ermənistana heç bir faktiki məlumat və ya əsaslandırma göndərməyib. Ermənistan ordusunun atəşkəs rejimini pozmaq üçün heç bir əsası və göstərişi yoxdur”, – bəyanatda deyilir.

Qeyd olunur ki, Ermənistan hökuməti dinc gündəliyi rəhbər tutur, Azərbaycanı sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır.

“2025-ci ilin yanvarında Ermənistan Azərbaycana dəmir yolu daşımaları məsələsinin həlli ilə bağlı yazılı təklif təqdim edib. Həmçinin silahlara qarşılıqlı nəzarətin ikitərəfli mexanizmininin yaradılmasına dair təklif irəli sürüb və Azərbaycandan müsbət cavab gözləyir. Ermənistan həmçinin Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə işi davam etdirməyə hazırdır”, – bəyanatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Baş nazirinin ofisinin bəyanatını qəbul etmədiyini açıqlayıb.

“Atəş açılması hallarına, Ermənistan tərəfinin də xəbərdar olduğu videoçəkilişlərdə görünən açıq təxribatlara son qoyulması sabitlik üçün zəruri şərtdir”, – XİN vurğulayıb.

“Ermənistan hökuməti sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi”, – nazirlik əlavə edib.

Azərbaycan Müdafiə Nazirliyi martın 16-dan 18-dək Ermənistan Silahlı Qüvvələrinin ordunun mövqelərini atəşə tutduğunu deyir.

Bəzi yerlərdə atəşkəsin saatlarla pozulduğu bildirilir. Ermənistan tərəfi isə təkzib edir.

2025-ci il martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib.

Ermənistanın Xarici İşlər Nazirliyi də elə həmin gün məlumat yayaraq Bayramovun dediklərini təsdiqləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol