Sosial şəbəkədə biz:

SADƏLİK NÜMUNƏSİ – Yusif DİRİLİ

Atalar sözü var: dostunu göstər, deyim kimsən. Bu baxımdan mən Yusif Dirilini göstərib hər kəsə fəxrlə deyirəm: baxın, tanıyın, bu şəxs mənim dostumdur.

Bəli, Yusif Dirilini mən 40 ilə yaxındır tanıyıram. 1986-cı ildə ilk dəfə biz Əhmədlidəki Kitabxana-klubda fəaliyyət göstərən “İlham çeşməsi” ədəbi dərnəyində tanış olmuşuq.  Mən hekayə, Yusif şeir yazırdı. Sonra 1989-cu ildə ictimai müxbirlər kursunda birlikdə mühazirələr dinləmişik. Ardınca “Yaşıl qələmlər” dərnəyi, “Dirili Qurbani Məclisi”ndə, “Şəfqət” qəzetində münasibətlərimiz davam etmişdir. “Yerfililər” kitabının redaktorudur.

Əvvəlki illərə nisbətən son on ildə görüşlərimizin intensivliyi azalsa da, dostluğu qoruyub saxlaya bilmişik. O, pedaqoji fəaliyyəti ilə yanaşı özünü elmə həsr etmiş, halal zəhməti, zəkası ilə milli ekologiyanın tarixini tədqiq edib tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə nail olmuşdur.

Yusif Dirili Zəlimxan Yaqub kimi bir şairdən uğurlu yol xeyir-duası almış bir şairdir. Şeirləri folklor stilində, qoşma, bayatı ruhundadır. Yaranışından, iyirmi ildən artıqdır “Dirili Qurbani Məclisi”nin sədridir. Publisistdir, onlarla kitab, yüzlərlə məqalə müəllifidir və ekologiya tarixi üzrə ilk fəlsəfə doktorudur.

Analar hər oğluna görə fəxr duyğusu yaşamırlar. Xatirimdədir, Gülövşə ana, ruhu şad olsun, Yusifin anası olması ilə necə qürur duyurdu. Bilirdi ki, yüksək əxlaqi keyfiyyətlərinə görə dostlar, tanışlar arasında oğlunun böyük ehtiram və hörməti var.

Tək mən yox, onu tanıyan hər kəs sadəliyinə görə Yusifin xətrini çox istəyir. Həqiqətən, indiki zəmanədə sadəliyi ilə seçilənin dostu olmaq da bir qismətdir, hamıya nəsib olmur. Və bu sadəlik yaşlaşdıqca daha da nuraniləşir, müdrikləşir, öz rəğbətini artırır.

Nəhayət, sözümün sonunda Yusif Diriliyə növbəti yubiley dönəmində can sağlığı, uğurlar, sevinc dolu xoşbəxt günlər, qalan istəklərinin də həyata keçməsini arzulayıram!

Rövşən Yerfi

yazıçı


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol