“O məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”- AFFA rəsmisi
Xəbər verdiyimiz kimi, “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransını yarımçıq tərk edib.
Hakimlikdən narazı olan rusiyalı mütəxəssisin bu hərəkəti isə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmayıb.
AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov isə “Futbol+”ə açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Mənim işim həddən artıq çoxdur. Təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram. Hər sualı cavablamağa vaxtım yoxdur. İntizam Komitəsində verilən qərarların hər biri doğrudur. Həmin qərarlar da İntizam Məcəlləsində yer alıb. Hər şeyə görə cərimə verilmir. Baş məşqçi məcburdur ki, bir saat otursun, jurnalistlərin boş-boş suallarına cavab versin? Mən artıq yoruluram. İntizam Məcəlləsini əldə edin, baxın və konkret nə lazımdırsa, məktubla müraciət edin”.