Nazir: Bəzi elmi qurumlar ildə bir məqalə dərc edirlər
"Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir".
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elm Festivalında çıxışı zamanı səsləndirib. Onun fikrincə, bu isə elmi fəaliyyətin maliyyələşdirilməsi və səmərəliliyi məsələlərinin yenidən dəyərləndirilməsini zəruri edir.
Nazir əlavə edib ki, hazırda Azərbaycanda 150-dən çox elmi müəssisə və təşkilat fəaliyyət göstərir. "Onlardan 140-a yaxınının böyük əksəriyyətində effektiv elmi məhsul istehsalı müşahidə olunmur. Bəzi qurumlarda maliyyələşmə mövcuddur, bəzilərində isə bu sahədə problemlər var. Hədəfimiz elmi fəaliyyətin optimallaşdırılması və nəticəyönümlü sistemin qurulmasıdır", –nazir qeyd edib.
E.Əmrullayevin sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri də elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır. "Elm əsasında verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur. Qərarvermə prosesində elmə və tədqiqata əsaslanmaq ən doğru yanaşmadır", –nazir fikrini tamamlayıb.