“Sən də deyirsən ki, düşək Kürdəmirdə, bir çay içək...”
“Bu, adam özünü apara bilmir. Adı da aparıcıdır. Ay özünü apara bilməyən aparıcı, sən məni hara apara bilərsən? Heç 2 addım da apara bilməzsən. Çünki kitab oxumaq yoxdur”.
Bu sözləri Baku TV-yə müsahibəsində yazıçı Seyran Səxavət deyib.
O, cəmiyyətin savadsızlığından gileylənib:
“Dilimizin bu pis səviyyəyə gəlib çatmasında əlahəzrət televiziya məkanı 1 nömrəli təqsirkardır. Digəri yazılı mətbuat, sosial şəbəkə və s. Real vəziyyət bu cürdür.
Adam kitabla küsülü olar?! Qonşuda, dostlar arasında kiminsə işi gətirmir, deyirik, o yazığın kitabı bağlanıb!
Ay millət, sənin qadan alım, ay Koroğlunun nəvəsi, ay Babəkin oğlu, tərpənmək lazımdır! Zaman artıq elə dəyişib ki, hamımız möhtəşəm bir qatardayıq. Qatar sürətlə gedir, sürət əsridir. Sən də deyirsən ki, düşək Kürdəmirdə, bir çay içək. Qatar isə gedir. Bunlar hamısı milli bəlalardır və hamısı milli şüurdan, savadsızlıqdan doğur. Bütün bu problemlərin valideyni savadsızlıqdır”.