ŞƏHİD ELƏ ŞƏHİDDİR!
Bismilləhir – Rahmənir–Rahim!
Mən Vətənçün canfədayəm, çünki, canımdır Vətən,
Laləzarım, gülüstanım, xoş məkanımdır Vətən.
Həm adı tarixdə nəqş olmuş kitabımdır mənim,
Həm şəhid tək tökdüyüm torpağə qanımdır Vətən.
Ondan özgə etmərəm ümmidi ğeyri məskənə,
Son pənahımdır Vətən, axır gümanımdır Vətən.
Bu yeri Allah sevib xəlq eylədi cənnətmisal,
Getsə vicdanım gedər, dinim, imanımdır Vətən.
(Hacı Soltan Əlizadə)
Bu gün aprel ayının 22-də şəhidimizin atası Bürhan kişinin dəvəti ilə anım günündə iştirak etdim. Məclis saat 11 radələrində şəhidin məzarı üstündə Quran tilavəti ilə başlandı. Mənimlə bərabər orada iki din xadimi də iştirak edirdi. Müxtəlif təbəqələrdən insanlar, şəhid valideynləri iştirak edirdilər.
Şəhidin qəbri ziyarət olundu və ruhuna dualar oxundu. Cəmi şəhidlər anıldı və ruhlarına dualar oxundu. “Zəfər” TV-nin əməkdaşı Elvin Əlimövsümoğlu çəkiliş etdi. Daha sonra məclis “Nur” Mərasim Evində davam etdirildi.
Azərbaycanın himni səsləndikdən sonra müqəddəs kitabımızdan ayələri oxudum və Quran xətm olundu. Quran xətmindən sonra süfrə açıldı və ehsan verildi. Məclis iştirakçıları xoş bir əhvalla oradan ayrıldılar.
Allah Bürhan əmiyə və şəhidimizin anasına səbr versin. Amin!
Şəhidin xidməti barəsində illər əvvəl hazırladığım sənədli materialdan öyrənə bilərsiz. (məqaləni olduğu kimi təqdim edirəm)
Ikinci Qarabağ Müharibəsi “8 Noyabr 2020-ci il Kapitulyasiya Aktı” ilə rəsmən başa çatdı. Amma, felən davam edirdi. O Aktın bağlanmasından sonra Azərbaycanın çox sayda əsgəri şəhid oldu. Onların çoxu həqiqi hərbi xidmətə çağırılmış yeni əsgərlər idi. Şəhid Nurəddin Bürhan oğlu Mirzəzadə kimi.
Şəhid Nurəddin Burhan oğlu Mirzəzadə 22 aprel 2003-cü ildə Bakı şəhərində anadan olub. O, 2009-cu ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı orta məktəbdə orta təhsil alır. Nurəddin uşaq yaşlarından özünəməxsus fərqliliyi və xarakteri ilə seçilirdi. Bu səbəbdən ətrafda hamı tərəfindən sevilib-seçilən uşaq olur. Nurəddin Coğrafiya fənnini daha cox sevərdi, bütün ölkələri və onların paytaxtlarını əzbər bilirdi.
Baxmayaraq ki, müharibə dayandırılmışdı və hərbi əməliyyatlar əsasən bitmişdi, lakin, məğlubiyyətin, itkilərin qəzəbi qarşı tərəfi terror, soyğunçuluq, qisas kimi çirkin və yolverilməz hərəkətlərə sövq edirdi. Qalib tərəf kimi Azərbaycan da bunu nəzərə almış və tədbirlər görmüşdü. Nəyə baxmayaraq itkilərsiz mümkün deyildi. Çünki, çox illər köhnəlsə də bərkimiş qaydaları aradan qaldırmaq çətin olacaqdı...
Nurəddin belə bir vaxtda 13 iyul, 2022-ci ildə hərbi xidmətə başladı. Nümunəvi əsgər idi. Müharibədən qalib çıxmış ölkənin əsgəri olaraq hamı kimi o da eyforiya hisslərindən məst idi. Qalib Ordunun əsgəri olmaq, Vətənə quluq etmək xoşdu. Cəmi iki il əvvəl o, döyüşə elə can atırdı ki, yan-yörədən gedən qohum-əqrəbanın, ordunun hər günkü fəaliyyətini elə həyəcanla izləyirdi ki, özünü onların sırasında təsəvvür edirdi.
Zaman gəldi, o da əsgər oldu. Həm də özünün istədiyi kimi, Döyüşən Ordunun önündə. Düzdü, o, daha çox Xüsusi Təyinatlılarda xidmət etmək arzusunda idi. Amma, burada da bacarıqlarını tətbiq etmək imkanında idi. Ola bilər ki, gələcəkdə yerini dəyişsin.
Uşaqlıq arzuları, futbola sonsuz sevgisi, bütün qaynar gənclik dövrünü yaşayan uşaqlar kimi Nurəddini də fəal olmağa sövq edirdi. Yaxşı uğurları da vardı. Hiperaktiv olduğundan uğurdan-uğura tələsir, daim parlamağa çalışırdı. Doğmalarına, ona dəstək olanlara qələbə, etimada layiq olacağına dair vəd verirdi. Doğruldurdu da. Elə qaynar bir cavan oldu ki, yaraşığı ilə göz oxşayırdı. Ata –ana ona görə özlərini xoşbəxt hesab edirdi. Pandemiya vaxtı futboldan kənarlaşdığından atası məsləhət gördü ki, sənət yaxşı şeydir, insani heç vaxt ac qoymaz:
Yel qanadlı illər ömürdən keçir,
Insan zəhmət ilə kamala yetir.
Bağında lalələr, nərgizlər bitir,
Tikanlar, qanqallar bitirmə oğlum!
Nurəddin zərgərliyi seçdi. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bu sənətin sirrlərinə yiyələnir. Amma fikri yenə də Qarabağlarda idi. Müharibə zamanı aldığı bayraq və xəritə hələ də otağında idi.
18 yaşının tamam olmasına lap az qalmışdı. O, tələsirdi, sanki, onu səsləyən müqəddəsliyin fərqində idi. Şüuraltı gələcəyini hiss edirdi. Bu səbəbdən hər zaman anasına, bacısına “mən böyük adam olacağam, anamı kraliçalar kimi yaşadacağam, bacıma ən yaxşı hədiyyələr alacam” kimi arzularını dilə gətirərmiş. Görünür qəlbinin harasındasa hiss edirmiş ki, Allah bunun üçün onu şəhid məqamına seçib. Seçib ki, anasına, bacısına hər iki dünyada şəfaətçi olsun. Bir halda ki, o, özü bunları çox istəyirdi, Allah da onu bu istəyinə çatdırdı.
Allah onu şəhadətə çatdıranadək daha bir arzusuna çatdırmışdı. Şuşada, Kəlbəcərdə olmaq istəyirdi. Gəncədən çıxandan sonra Kəlbəcər istəqamətində xidmət edib. Oranın təbiəti ilə tanış olduqca atasına Göyçə gölünü, Kəlbəcərin havasını təsvir edib, gözəlliyindən danışarmış.
Elə Kəlbəcərdə gedən antiterror əməliyyatlarında da şəhid oldu... Onun itkisi bütün heyəti sarsıtdı. Çünki, bir-birinə çox bağlanmışdılar. Axı Nurəddin fəal, hörmət qazanmağı bacaran, sevimli insan idi. Bu çətin cəbhə yollarında bir-birinə sipər olmuşdular. Müharibədə verilən qurbanlarımızın yaraları heç sağalmamışdı.
25 noyabr 2022-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olur. Nəşini Suraxanıya – ata yurduna gətirirlər. Məzarı Zığda – Dədə Qorqud Şəhidlər Xiyabanındadır.
Nurəddinin cənazəsi əvvəlcə ümumi məzarlıqda torpağa tapşırılmışdı. Statusu müəyyən olunduqdan sonra Şəhidlər Xiyabanına, aid olduğu məkana köçürülməsi barədə qərar verildi. Bir il keçmişdi və məzarın köçürülmə prosesi zamanı əlbəttə, gözənildiyi kimi doğmaların və insanlaraın şəhid haqqında deyilən əzəmətli fikirlərin təsdiqinə dair maraqları güc gəldi. Onlar bu cənnətməkanın dəlilini görmək, onunla vidalaşmaq istədilər. Hər zamankı kimi şəhid elə şəhiddir. Bu an dünyasını dəyişmiş, yuxuya dalmış kimi idi...
Tarixlərə iz saldı cəsarətlə şəhidlər,
Dastanlara çevrildi şücaətlə şəhidlər.
Millət, vətən uğrunda vəfa andını içdi,
İlqarını doğrultdu sədaqətlə şəhidlər.
Canın sipər etdi oda, odlanmaya yurdu,
Xatırlanacaq odlu məhəbbətlə şəhidlər!
Yazmış gələcək nəslə Zəfərnamə qanıyla
Qoymuş ona imzasını Hörmətlə Şəhidlər...
Əlhəqq, ölüm üstündə zəfər çaldılar onlar,
Ölməzliyə yol tapdı şəhadətlə şəhidlər.
Dünyada keçib eşq ilə haqq uğruna candan,
Cənnət qapısından keçər izzətlə şəhidlər.
Pak ruhlarına ülvi səmalar qucaq açdı,
Yüksəldilər enməzliyə qeyrətlə şəhidlər.
İman zirehin geydi, silahlandı hünərlə,
Addımladı haq yolda həqiqətlə şəhidlər.
Bəxş etmək üçün xalqa fərəh nurlu səhərlər,
Məhv etdi qaranlıqları himmətlə şəhidlər.
Yandırdı əlin zalımın atəşli qəzəblə,
Haqsızlığa son qoydu ədalətlə şəhidlər.
Göstərdi yenilməz uca xalqın uca ruhun,
Qüdrətlə, dəyanətlə, mətanətlə şəhidlər.
Hayqırdı “Vətən arxayın olsun ki, varıq biz!”
Düşmən önünü kəsdi rəşadətlə şəhidlər.
Gəzdikcə, dolandıqca bu azad obalarda,
Xalqın düşəcək yadına rəhmətlə şəhidlər.
Ölməz, yaşar, Əmri, əbədi xatirələrdə,
İnsanlığa göstərdiyi xidmətlə şəhidlər! (Ağasəlim Əmri)
Nurəddinin qəbri açılmış ikinci şəhid məzarı oldu. Sumqayıtda yaşayan, əslən Zənglandan olan şəhid Mehrəliyev Fəridin anasının dediklərindən: “Hacı, Dədə Qorqud qəbristanlığında mənim oğlumdan sonra ikinci qəbri açılan şəhid Nurəddin Bürhan oğlu olmuşdur. Mənim oğlumun nəşi necə salamat və təzə idisə, onun da cəsədi eləcə çürüməmişdi və təravətli idi. 21 saylı məzar Mehrəliyev Fərid Asif oğluna, 22-ci məzar isə Nurəddin Bürhan oğluna aiddir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”
Əsrlərlə bu fakt təkrar-təkrar sınansa yenə sınaqdan çıxır, yenə həqiqət Qurani-Kərimdə olduğu kimi öz təsdiqini tapır:
Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz. (“Bəqərə” 154)
Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. (“Ali Imran” 169)
Şəhidlərin qanı yerə tökülmür, cəmiyyətin damarlarına köçürülür. (Mürtəza Mütəhhəri).
Allah bütün şəhidlərə rəhmət eləsin!
Ona kim ölü deyir ölü onun özüdür!
Şəhidlər ölmür əsla, bu Allahın sözüdür!
Bilirsizmi o kimdir, kimlərin əzizidir?!
O, Allahın Rəsulu Muhəmmədin gözüdür!
O, mövlamız Əlinin eynidir, əvəzidir!
O, Zəhra anamızın ocağının közüdür!
O, İslam aləminin səadət ulduzudur!
Heç bele bir ulduzun nuru sönərmi? – sönməz!
Heç İmam Hüseyndən ürək dönərmi? – dönməz!
Xidmətləri rəhbərlik tərəfindən qiymətləndirilmiş və hər il anım günü dövlət səviyyəsində qeyd edilir. Suraxanı İcra hakimiyyəti şəhidin məzarının yüksək səviyyədə olmasında nəzarəti həyata keçirir.
Allah məqamını uca etsin! Amin!
Hacı Həsən Hüseyni Qazi, AJB-nin üzvü, ilahiyyatçı