Sosial şəbəkədə biz:

KT və MRT müayinələri PULLU oldu

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək.

Maraqlıdır, bəs bir neçə il öncə səhiyyə sahəsindəki ən böyük güzəşt kimi tətbiq olunan bu müayinələrin yenidən pullu olması, daha dəqiq desək, bir hissəsinin pasiyent tərəfindən ödənilməsi hansı zərurətdən yarandı?

Bizim.Media-nın mövzu ilə bağlı sualını millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli cavablayıb.

O bildirib ki, bütün dünya ölkələrində bəzi yüksək maliyyə tələb edən müayinə metodları müştərək maliyyələşmə ilə həyata keçirilir:

“Yəni bir çox ölkələrdə müştərək ödəmə - müəyyən hissəsinin vətəndaş, müəyyən hissəsinin isə İcbari Sığorta Fondu tərəfindən ödənilməsinə rastlanır. Burda məqsəd ondan ibarətdir ki, bəzi prosedurların təyinatına çox ciddi yanaşılmalıdır. Sizə tam dəqiqləşdirilməmiş məlumat deyim: hazırda Azərbaycanda, özəlliklə də Bakı və Abşeron yarımadasında KT və MRT avadanlıqlarının sıxlığı bir çox ölkələrdən çoxdur.

Yəni dövlət tərəfindən maliyyələşmənin olması bəzən hiperdiaqnostikaya gətirib çıxara bilər. Ona görə də həm həkim, həm vətəndaş bu proseslərə yanaşanda bir qədər diqqətli olmalıdır. Bəzi hallarda vətəndaşların da tələblərində bu məsələ var. Bu müayinələr başqa metodlar olmadıqda istifadə olunur.

Yəni burda həm də insan sağlamlığı məsələsi var. KT müayinəsi də, MRT-də həm maqnit sahəsi, həm rentgen şüaları baxımından insan üçün bir qədər zərərli metodlardır. Ona görə də onlar son vasitə kimi başqa diaqnostik müayinələrdən sonra tətbiq olunmalıdır. Bunların hər biri düşünülməlidir.

Eyni zamanda biz əgər İcbari Sığorta Fondunda toplanmış vəsaitləri bu cür bahalı müayinə metodlarına əsaslı olmadan, bəzən az əsas olduqda istifadə etsək, onda digər xəstələrimizin müayinələrinin maliyyələşməsində sıxıntılar yarana bilər”.

Deputat bildirib ki, ödəniləcək 20 faiz maliyyə baxımından çox böyük məbləğ deyil:
 

“Əgər əvvəlki zamanları nəzərə alsaq, hansı ki, vətəndaş özü özəl sektorda birbaşa ödəniş edirdi, indiki variant yenə də güzəştlidir.


Bilirsiz, başqa yerlərdə növbə çox olanda, sıxlıq yarananda, yaxud müayinə mümkün olmayanda özəl sektor xəstəxanalarına da ödəniş verilə bilir. Amma biz yenə də bütün tibbi xidmətlərin vətəndaş üçün əlçatan olmasına çalışırıq. İstər Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri, istər rəhbəri hər dəfə bu məsələni vurğulayır. Biz vətəndaşlarımızın təkcə bir müayinə metodunun yox, bütün müayinə və müalicələrin icbari sığorta ilə əhatə olunmasını və əlçatan olmasını təmin etmək üçün çalışmalıyıq”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol