Xətaidə yüzillik tarix yox edildi
Bəzi binalar var ki, sadəcə bina yox, həm də bir tarixdir. Nümunə olaraq İçərişəhərdəki binaları da göstərmək olar. Ancaq bəzən özündə tarix əks etdirən, memarlıq dəyəri olan hətta yaşı 100-ü ötmüş binaların söküldüyünün şahidi oluruq. Nəzərə alaq ki, belə binaların tarixiylə yanaşı, özünəməxsus memarlıq dizaynı da olur.
Necə ki, bu günlərdə Xətai rayonunda 128 yaşlı binanın sökülməsiylə bağlı xəbər yayıldı. Qeyd edək ki, bu bina 1895-1897-ci illərdə məşhur polyak memar Kazimir Skureviçin layihəsi əsasında tikilib.
Maraqlıdır, bu qədər yaşı və fərqli memarlıq üslubu olan binaların sökülməsindənsə, restavrasiya olunması məqsədəuyğun olmazmı?
Bizim.Media mövzuyla bağlı memar Cahid Həsənovun fikirlərini öyrənib.
Memarın sözlərinə görə əgər mümkündürsə, tarixi memarlıq abidəsi kimi əhəmiyyət kəsb edən binalar imkan daxilində bərpa edilə bilər, əsasən köklü rekonstruksiya işləri ilə bərpa lazımdır.
Qeyd edək ki, rekonstruksiya bir binanın yenidən qurulması, bərpa olunması və ya əvvəlki formasına qaytarılmasıdır. Buna tarixi bir tikilinin orjinal görünüşünə uyğun şəkildə bərpa edilməsi də aiddir.
Bəs restavrasiyası mümkün olmadıqda, necə?
“Təmiri mümkün olmayan bina yoxdur. Sadəcə binanın vəziyyətinə uyğun olaraq qurumlar tərəfindən möhkəmləndirici konstruktiv layihə işlənilir. Bu layihələr əsasında təmir ola bilər”,-deyə Cahid Həsənov qeyd edib.
Memar sonda vurğulayıb ki, bir binanın həm xarici, həm daxili bərpası mümkündür.