İcra başçısı iş adamının pulunu vermir- Məhkəmə qərarları+Fotolar
Qazax rayonunun sahibkarı icra başçısı Ayaz Əsgərovun ona 50 min manat “atdığını” iddia edir. Sahibkar Qalib Binnətov “Qafqazinfo”ya müraciətində bildirib ki, icra başçısı ondan həmin miqdarda aqlay daşları alıb:
“2012-ci ilin yanvar ayında icra başçısının müavini Tahir Musayev mənim fəaliyyət göstərdiyim müəssisəyə gələrək rayona prezident İlham Əliyevin səfər edəcəyinin gözlənildiyini və icra başçısı başçı Ayaz Əsgərovun aqlay daşları məndən alınması haqda göstəriş verdiyini dedi. Bundan sonra Tahir müəllim məni iş icraçısı Oruc adlı şəxslə tanış etdi və materialları ona verməli olduğumu dedi. Bir neçə ay keçsə də mən hələ də daşlara görə pul almamışdım. İcra hakimiyyətinə müraciət etdim, dedilər “büdcədə pul yoxdur, gözlə”. Mən də pul qazana bilmədiyim üçün yeni daşlar ala bilmədim və daşların verilməsini dayandırdım. Bir neçə gün sonra başçının birinci müavini Fərman Nağdəliyev, başçı Ayaz Əsgərov, rayonun baş memarı Mehdi müəllim maşında mənimlə görüşdülər və daşların verilməsini niyə dayandırdığımı soruşdular, mən də daş almaq üçün pulumun olmadığını dedim. Vəd verdilər ki, sən öz əlaqələrindən istifadə et, daş al bizə ver, sonda bütün pulun ödəniləcək. Mən də Bakıdan tanış mağazalardan nisyə daş alıb Oruca verdim. 2012-ci ilin aprelində iş tamamlandı. Mənim onlara verdiyim daşların ümumi məbləği 54 min 676 manat oldu. Amma mən bu vaxta kimi icra hakimiyyətindən cəmi 4 min 200 manat pul ala bilmişəm. Mənə icradan deyirlər ki, get Oruc İsmayılovu məhkəməyə ver, pulunu ondan al. Mən Orucu tanımamışam, mənlə onu başçının müavinləri tanış edib. Oruc İsmayılov polisə ifadəsində məndən 40 min manat dəyərində material götürdüyünü etiraf edib və bildirib ki, bunu icra hakimiyyətinin məsul şəxslərinin tapşırığı ilə edib”.
