Sosial şəbəkədə biz:

Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü

06 June 2015, 12:04
Gündəm
Salyan rayonunda odlu silahdan istifadə edilməklə törədilən və azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, bu faciə iyunun 5-də saat 20 radələrində Salyan rayonunun Düzənlik kəndində yaşanıb. 3 yaşlı oğlan 9 yaşlı qardaşı tərəfindən güllə ilə vurularaq öldürülüb. Belə ki, kənd sakini Telman Məmmədovun Bakıda yaşayan oğlu Vüqar Məmmədov oğlanları - 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Telman Məmmədov təsərrüfatını ziyanvericilərdən qorumaq üçün evindəki köhnə ov tüfəngini həmişə atəşə hazır saxlayırmış. Böyüklərin nəzərindən yayınan 9 yaşlı Rəmzi babasının ov tüfəngini götürərək  3 yaşlı qardaşı ilə oynamaq istədikdə ehtiyatsızlıqdan atəş açılıb. Güllə uşağın baş nahiyəsindən dəyib. Azyaşlı yerindəcə keçinib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.