Türkiyə, Mosulun azad edilməsində niyə iştirak etməyə çalışır? - TƏHLİL
İraq hökumətinin etirazlarına baxmayaraq, Türkiyə Mosul şəhərinin "İslam Dövləti" terrorçu qrupundan azad edilməsində fəal rol oynamağa çalışır.
Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, türk əsgərləri Başikada kürd peşmərgə qüvvələrinə "artilleriya atəşi" ilə kömək edirlər. Bundan sonra, oktyabrın 24-də İraq ordusu Türkiyənin Mosul əməliyyatında iştirakını rədd edib. Başika Mosuldan 20 kilometr şimal-şərqdə yerləşən şəhərdir. Ankara və Bağdad bundan əvvəl də bu düşərgəyə görə mübahisə ediblər. Bağdad Türkiyədən əsgərlərini bu ərazidən çıxarmasını istəmişdi. Son həftələrdə Türkiyənin hərbi əməliyyatda iştirak etməklə bağlı təkidi iki ölkə arasında münasibətlərin gərginləşməsinə yol açıb. Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, "heç kəs Türkiyənin Mosul döyüşündə iştirakının qarşısını ala bilməz". İraqın Baş naziri Heydər Əl-Abadi isəTürkiyənin köməyindən imtina edərək bildirib ki,iraqlılar özləri vəziyyətin "öhdəsindən gələ bilərlər". Ancaq, görünür, Türkiyənin təkidli təklifinin arxasında bir neçə səbəb dayanır.Məzhəblərarası gərginlik qorxusu
Türkiyə məzhəb zəminində gərginliklə bağlı narahatlığını dilə gətirib. Türkiyənin baş naziri Yıldırım deyib ki, "İraqın məzhəb müharibəsinə sürükləndiyi vaxtda" Türkiyə sakitcə oturub tamaşa edə bilməz. Sünni şəhəri olan Mosulda "məzhəb münaqişəsindən" çəkinən Türkiyə şiə üsyançılarının buradakı əməliyyatlarda iştirakına qarşı olduğunu ifadə edib.
Image copyrightAFPKürd üsyançılarının İraqda rolu
Türkiyə və İraq arasındakı sərhədin uzunluğu 330 kilometrdir. Ankara hökuməti iddia edir ki, hazırda qonşu ölkədə baş verənlər Türkiyənin milli təhlükəsizliyinə birbaşa təsir edə bilər. Türkiyə İraqdakı Kürdistan regional hökumətinin komandanlığı altında olan kürd peşmərgə qüvvələrini dəstəkləsə də, qətiyyətlə Kürd Fəhlə Partiyasının (PKK) Mosul əməliyyatında iştirakına qarşıdır. Türkiyə on ildən uzun müddət ərzində PKK ilə müharibə aparıb. PKK Türkiyənin kürd azlığının muxtariyyətini tələb edir. Mosuldan 100 kilometr qərbdə yerləşən Sincar şəhərində oyunçulardan biri olan PKK da hərbi əməliyyatlarda iştirak etmək arzusunu ifadə edib. ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat hesab etsə də, Türkiyə bu qrupun Mosul döyüşündə iştirak edəcəyi təqdirdə beynəlxalq legitimlik qazanacağından ehtiyat edir.