Sosial şəbəkədə biz:

Şəhərin mərkəzində 2-ci obyektini açan Hadi Rəcəblinin oğlu 55 min manat borcunu ödəmir

Şəhərin mərkəzində 2-ci obyektini açan Hadi Rəcəblinin oğlu 55 min manat borcunu ödəmir
Xəbər Şəkli
14 September 2026, 15:58
Gündəm

Fövqəladə Hallar Nazirliyi (FHN) 2024-cü ildə vəfat edən sabiq millət vəkili Hadi Rəcəblinin oğlu Vüsal Rəcəblinin sifarişi əsasında paytaxtın Nəsimi rayonu ərazisində inşa olunan obyektin istismarına icazə verib.
Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti olan Vüsal Rəcəblinin tikdirdiyi obyektin ümumi sahəsi 23,3 kv. metrdir.
Şəhərin mərkəzi hissəsində – Nizami küçəsi 121 X ünvanında istismara verilən obyektin layihəçisi “İsrail Ahmadov İnvestment” MMC olub.
Azərbaycan Milli Avtomobil Klubunun rəsmi veb saytında da Vüsal Rəcəbli bu qurumun prezidenti kimi təqdim edilir.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Azərbaycan Milli Avtomobil Klubu” MMC (VÖEN – 1404041941) 12 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Qulu Quliyev, ev 8, mənzil 40-da yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənova Cülyetta Ənvər qızıdır.
Həsənova Cülyetta Ənvər qızının qanuni təmsilçi olduğu və Qulu Quliyev, ev 8, mənzil 40-da yerləşən daha bir şirkət “VRS Consulting” MMC (VÖEN-1402452351) adlanır.
Qeyd olunan hüquqi ünvanda Hadi Rəcəblinin gəlini Səidə Rəcəblinin rəhbərlik etdiyi “VRS” MMC (VÖEN- 1402370521) adlı şirkət də dövlət qeydiyyatına alınıb.
Vüsal Rəcəblinin prezidenti olduğu “Azərbaycan Milli Avtomobil Klubu” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməytən 54 min 983 manat 41 qəpik vergi borcu var.
Onu da bildirək ki, bir il əvvəl FHN Vüsal Rəcəblinin sifarişi əsasında paytaxtın Nəsimi rayonu ərazisində inşa olunan 2 mərtəbəli (zirzəmili) obyektin istismarına da icazə verib. Nizami küçəsi 121 F ünvanında yerləşən bu obyektin ümumi sahəsi isə 275 kv. metr olub.
Vüsal Rəcəbli 2020-2024-cü illərdə energetika nazirinin müşaviri vəzifəsində də çalışıb.
Yeniavaz