Gədəbəyli fermerlərin gübrə, bazar və texnika problemləri - ARAŞDIRMA
Gədəbəydə fermerlər güzəştlə satılan gübrələrin qiymətindən, texnika olmadığı üçün məhsulların vaxtında yığılmadığından və yığılmış məhsulun bazara çıxarılıb uyğun qiymətə satılmadığından şikayətçidir.
Gədəbəyin ən böyük kəndlərindən biri olan Söyüdlünün sakinlərinin əsas məşğuliyyəti kartofçuluq və maldarlıqdır. Lakin təsərrüfatla məşğul olanlar çəkdikləri zəhmətin bəhrəsini görə bilmədiklərini bildirirlər. Bəziləri erkən davranıb sahələrdən əkilmiş kartofu yığsa da, digərləri aylarla əziyyətini çəkdiyi məhsulun qar yağması ilə don vurmasından danışır. "Təsadüfən bu il qar tez yağdı, 3 hektar kartof qaldı ərazidə", deyən kənd sakini bu il kartof əkmək və becərmək üçün hər hektara azı 5 min manat xərc etdiyini qeyd edir.Gübrə bahadır
Gədəbəydə Sovet dövründən kartof əkməklə məşğul olan digər kənd sakini isə dəmyə, yəni təbii yolla suvarılan kartof əkimi ilə məşğul olduğunu deyir. O, kimyəvi yox, üzvü gübrədən istifadə edir. Bu il məhsulun çoxunun xarab çıxdığını deyən sakin, keyfiyyətli toxuma ehtiyac olduğunu qeyd edir. 2000-ci ildən kartofçuluqla məşğul olan başqa bir kənd sakini isə bu il məhsuldarlığın az olmasını ərazinin vaxtlı-vaxtında gübrələnməməsində görür. O deyir ki, fermerlərə güzəştlə satılan gübrəni ala bilmirlər. "Prezident tərəfindən ayrılan güzəştlə verilən gübrəyə görə gedirik, deyirlər heç nə yoxdu, özləri üçün satırlar. Güzəşt 6 manat olmalıdır. Onlar da verir 13-14 manata", deyən sakin bu il gübrə almadığını, sahələri isə təbii peyinlə gübrələdiyini, ancaq bu üsulun yaxşı effect vermədiyini əlavə edir. "Gübrəni bazar qiymətindən yuxarı satırlar. Bunun kəndçiyə nə xeyri var?!", digər sakin sual edir. O, bu il iki hektar ərazidən 12 ton məhsul götürdüyünü desə də, ötən il bu rəqəmin 35 ton olduğunu vurğulayır.
Bazar problemi
Fermerlərin əksəriyyəti bu il yığılmış məhsuldan satış edə bilmədiklərini qeyd edirlər. Onlar topdan satış edə bilmədiklərini və məhsulu bazara rahatlıqla çıxa bilmədiklərindən şikayət edirlər. "Bazarlarda alverçilər yerləri tutub", deyən fermerlər alverçilərin məhsula görə təklif etdikləri qiymətin aşağı olduğunu qeyd edirlər. "Alverçilər kartofun kiloqramını 40-50 qəpiyə götürür. Amma 60-70 qəpiyə satsaq xərcimizi qarşılayarıq", sakinlərdən biri deyir. Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyev isə bu deyilənlərlə razılaşmır. "Gədəbəydən hər həftə kənd təsərrüfatı mallarının satış yarmarkasına məhsul çıxarılır", o deyir.