Gədəbəydən reportaj: “Yolumuzu düzəldən yox, ışığımız yox!”
Əli ilə kəndin yuxarı hissəsini işarə edərək "..mən də sizinlə, o tərəfə gedib gəlmək istəyirəm" deyən 90 yaşlı Gədəbəy rayonu Söyüdlü kənd sakininin arzusu kəndin yollarının düzəlməsini görməkdir.
Ancaq yol problemi təkcə bu kəndin yox, Arıqdam, Dəyirmandağı kimi Gədəbəy səfəri zamanı baş çəkdiyimiz digər kəndlərin də əziyyət çəkdiyi məsələdir. Ən böyük problemi məhz Dəyirmandağı kəndində müşahidə etdik. Bu kənd yüksəklikdə yerləşir və onun dar, buz bağlamış, çınqıllı yolları ilə kiçik minik maşınları hərəkət edə bilmir. Sakinlər ya dabana qüvvət verməlidir, ya da ki, bizi kəndin yüksəkliyinə aparan atasından qalma, öz təbiri ilə desək 30 illik ailə maşını olan NİVA markalı avtomobillə hərəkət etməlidir. Qar yağıb, yolları buz bağlayanda isə bəzi evlərə ümumiyyətlə maşın çıxa bilmir. Söhbətləşdiyimiz hər 3 kəndin sakinləri dövlət orqanlarından yol probleminin həll edilməsini umur. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə problemdən xəbərdar olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolları var və onun təqribən yarısı torpaq və çınqıl örtüklüdür.